525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri mühüm əhəmiyyət daşıyır. Səfər zamanı dövlət başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edildi. Əsas hadisələrdən biri də iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” hərbi təlimlər oldu. Bütün bunlar Azərbaycanın BƏƏ ilə strateji tərəfdaşlığını ən yüksək səviyyəyə qaldırmasının təzahürüdür”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
O bildirib ki, səfər zamanı bir sıra böyük investisiya layihələri nəzərdən keçirildi. Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi”də ölkəmizə məxsus payın müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı sənəd imzalandı. BƏƏ-yə Azərbaycanın payının bir hissəsini almaq imkanı verildi ki, bununla da o, “Cənub Qaz Dəhlizi”nin iştirakçısına çevrilir.
Deputat söyləyib ki, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağı böyük planlar var:
“Gözlənilir ki, ABŞ-nin iştirakı, BƏƏ-nin maliyyə dəstəyi ilə Azərbaycanda süni intellektlə bağlı böyük data mərkəzi yaradılsın. Yaşıl energetika ilə bağlı böyük planlar var. Yəni bizim əsas məqsədimiz BƏƏ ilə çox sıx və qarşılıqlı fayda verən tərəfdaşlığımızı irəli aparmaqdır”.
Deputat hesab edir ki, Azərbaycan-BƏƏ əməkdaşlığı üçün böyük potensial var:
“BƏƏ-nin təxminən 10 milyon əhalisi var, ərazisi də Azərbaycan qədərdir, maliyyə imkanları isə genişdir. Onların Dubayda yaratdıqları Azad İqtisadi Zona ilə bağlı təcrübəsini bütün dünya nümunə kimi qəbul edir. Böyük potensial, böyük inkişaf var. Təbii ki, həm onların təcrübəsi, eyni zamanda, maliyyə dəstəyi Azərbaycan üçün olduqca önəmlidir. BƏƏ-nin səsi də, nüfuzu da dünya üçün əhəmiyyətlidir. Ölkələrimiz bəzi məsələlərdə oxşar dəyərləri bölüşür, davranışları da eynidir. Bizim və BƏƏ-nin seçimi dünyəviliyə, dinlərin qovuşmasına bağlıdır. Hər iki ölkə bütün dinlərə hörmətlə yanaşır, dini dözümlülük mühiti hökm sürür, hər iki ölkədə məscidlərlə yanaşı, digər dinlərə məxsus ibadət yerləri də var”.
R.Musabəyov BƏƏ-nin digər missiyasını, dialoq məkanı kimi rolunu da yüksək qiymətləndirib. O bildirib ki, bütün gərginliklərə baxmayaraq, İsraillə ərəb ölkələri arasında xüsusi münasibətləri qoruyub saxlayan ərəb ölkəsi BƏƏ-dir. Azərbaycanın da İsraillə münasibətləri yüksək səviyyədədir. Bu da daha bir oxşarlıqdır: “Mən BƏƏ-nin bizdən uzaq məsafədə yerləşməsinə dair fikirləri bölüşmürəm. Bakıdan Əbu-Dabiyə məsafə 2 saatdır. Demək istəyirəm ki, əslində biz qonşuyuq. BƏƏ bizim üçün əhəmiyyətli bir dövlətdir və təcrübəsi də Azərbaycan üçün olduqca vacibdir”.
Pərvanə Sultanova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.