AZ

Yeniyetmələri uçuruma aparan səbəblər: Narkotik asılılıq genetik ola bilir

Metadonla əvəzedici müalicə proqramı üzrə üç məntəqədə (Respublika Narkoloji Mərkəzində 287, QİÇS-lə Mübarizə Mərkəzində 314, Sumqayıt Narkoloji Mərkəzində 129 nəfər) 730 xəstə müalicə alır.

Bakıvaxtı.az bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalına əsasən bildirir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

2025-ci ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 46 (4,8%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Son illər yeniyetmələr arasında psixoaktiv maddələrə marağın artması narahatlıq doğurur.

Bu marağın hansı səbəblərdən qaynaqlandığı, eləcə də gəncləri bu riskdən qorumaqda ailə və məktəb amilinin nə dərəcədə həlledici olduğu sual doğurur.

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan Respublika Narkoloji Mərkəzin psixoloqu Ramin Allahverdiyevin sğzlərinə görə, ümumdünya statistikasına nəzər saldıqda görünür ki, maddə istifadəsinə başlayan şəxslərin təxminən 85-90 faizi bu prosesə məhz yeniyetməlik dövründə daxil olub. Bunun əsas səbəbi həmin yaş mərhələsində beynin hələ tam inkişaf etməməsidir. Bu dövrdə verilən qərarlar daha çox emosional xarakter daşıyır və nəticələri rasional şəkildə dəyərləndirmək qabiliyyəti zəif olur:

"Yeniyetməlik dövründə əsas motiv istəklərin nəticəsindən çox, onların dərhal təmin olunmasıdır. Məhz bu səbəbdən maddə istifadəsi çox vaxt nikotin və enerji içkilərindən başlayır, daha sonra marixuana, kannabinoid kimi qadağan olunmuş maddələrə keçid baş verir. Zamanla tolerantlıq formalaşır, əvvəlki dozalar kifayət etmir, maddənin miqdarı artır, istifadə tezləşir və nəticədə asılılığın daha ağır mərhələləri ortaya çıxır".

Psixoloqun sözlərinə görə, maddə istifadəsinə başlamanın səbəbləri çoxşaxəlidir. Psixoaktiv maddə istifadəsi beynin neyrokimyəvi pozuntusu nəticəsində yaranan xroniki bir beyin xəstəliyi kimi dəyərləndirilir. Xroniki xarakter daşıması isə bu problemin genetik meyllərlə də əlaqəli ola biləcəyini göstərir. Ailəsində maddə asılılığı və ya psixi pozuntu halları olan şəxslərdə risk daha yüksək olur.

Ramin Allahverdiyev: Bu məsələdə kompleks yanaşma önəmlidir

R.Allahverdiyev deyib ki, hazırkı tədqiqatlar maddə istifadəsinin əsas səbəblərini daha çox uşaqlıq dövrü ilə əlaqələndirir:

"Uşaqlıqda yaşanan fiziki, emosional və ya cinsi travmalar beynin inkişafına mənfi təsir göstərir. Bu isə sonradan daxili boşluq hissi yaradır və həmin boşluq psixoaktiv maddələrlə kompensasiya olunmağa çalışılır.

Bu baxımdan yanaşma kompleks olmalıdır. Maarifləndirmə, ailə faktoru, uşağın daxili və xarici resurslarının gücləndirilməsi paralel şəkildə aparılmalıdır. Lakin maarifləndirmə zamanı uşağın yaş xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Yanlış seçilmiş sözlər və qorxuducu vizual nümunələr əks təsir yarada, hətta maddəyə marağı artıra bilər".

R.Allahverdiyev hesab edir ki, orta məktəblərdə aparılan maarifləndirmə işlərində istifadə olunan dil son dərəcə həssas seçilməlidir. Narkotiklərin fəsadlarını göstərən deformasiyaya uğramış bədən təsvirləri və oxşar üsullar bəzən preventiv rol oynamır, əksinə, öyrənilmiş davranış formasına çevrilə bilər. Bu səbəbdən psixoloq məsələyə həmişə ehtiyatla və elmi əsaslarla yanaşılmasının vacibliyini vurğulayır.

Zeynəb Rzayeva

Seçilən
26
1
bakivaxti.az

2Mənbələr