Azərbaycan Mərkəzi Bankı (AMB) sahibkarların bank xərclərinin azaldılması məqsədilə beynəlxalq ödəniş şirkətləri ilə danışıqlar aparır. Bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov “vergiler.az”ın sualını cavablandırarkən məlumat verib.
T.Kazımovun sözlərinə görə, bank xidmətlərinin baha olmasının bir səbəbi də “Visa” və “MasterCard”ın tətbqi etdikləri xidmət haqları ilə bağlıdır: “Analizlər nəticəsində gördüyümüz odur ki, nağd ödənişlərin həcminin çox olmasının bank sektorundan gələn əsas səbəbi bu şirkətlərin tarif siyasətidir. Onların tətbiq etdiyi yüksək xidmət haqları sahibkarlara, xüsusilə iri sahibkarlara kifayət qədər böyük xərclər gətirir. Ona görə də biz QR ödənişləri, Ani Ödəniş Sisteminin xidmətlərini tətbiq edirik. Həmçinin, həmin beynəlxalq ödəniş şirkətləri ilə birbaşa şəxsən müzakirələr aparıram”.
Hazırda məsləhətçilər səviyyəsində nağd pul dövriyyəsinin səbəblərini analiz etdiklərini deyən T.Kazımov düşünür ki, bu layihənin nəticəsi olaraq, konkret səbəblər bəlli olacaq. Müvafiq qiymətləndirmədən sonra AMB nağd dövriyyənin nağdsız ödənişlərlə əvəzlənməsi üçün islahatlar həyata keçirəcək.
AMB sədri sahibkarların xərclərinin azaldılması məqsədilə bu il QR ödənişlərin tətbiqinin daha da genişləndiriləcəyini vurğulayıb: “Bu il planlaşdırılır ki, QR ödənişlərin tətbiqini daha geniş şəkildə həyata keçirək. Bu, sahibkarlar üçün nağdsız ödənişlərin qəbul edilməsində xərclərin azalmasına, banklarda isə kartlarla ödənişlərdə daha çox “cashback” qaytarılmasına imkan yaradacaq. Bütün ölkədaxili xırda ödənişləri isə Ani Ödəniş Sistemi vasitəsilə həyata keçirməyi planlaşdırırıq. Buraya “card to card” əməliyyatları, fiziki şəxslərin öz aralarındakı ödənişlər və hüquqi şəxslərin xırda ödənişləri daxildir. Bununla sahibkarların xərcləri azalacaq, təşviq artacaq”.
Xatırladaq ki, 2025-ci ilin yanvar-dekabr aylarında ölkədaxili nağdsız əməliyyatların həcmi 25,6% artıb. Kartlarla əməliyyatlarda 7,1%, elektron ticarət əməliyyatlarının həcmində isə 30% artım olub.