“Azərbaycanda hazırda davam edən erməni mənşəli hərbi cinayətkarların məhkəmə prosesi əslində çox gec də olsa, cəzasızlığın əbədi olmadığının real sübutu kimi dəyərləndirilməlidir. Bu, sıradan bir hüquqi prosedur deyil, həm də illərlə formalaşmış ədalətsizlik hissinə verilən gecikmiş, amma prinsipial cavabdır. Prosesin əhəmiyyəti də məhz buradan qaynaqlanır”.
Bunu Hafta.az-a siyasi şərhçi Azər Hüseynov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzün nəticələri və cinaytkarların mühakiməsi ilə bağlı açıqlamasında bildirib.
“Bu adamlar Azərbaycan hüquq sistemi qarşısında cavab verməlidirlər və verirlər. Üstəlik, onların öz ifadələrində də açıq şəkildə etiraf olunur ki, sözügedən cinayətlərdə bilavasitə iştirak ediblər və bunu dövlət rəhbərliyindən aldıqları göstərişlər əsasında həyata keçiriblər. Bu fakt bir daha göstərir ki, separatçı strukturlar və yerli silahlı dəstələr əslində müstəqil subyektlər olmayıb, sadəcə daha böyük bir siyasi-hərbi planın icraçıları, başqa sözlə, alət rolunu oynayıblar. Ancaq “vasitə” olmaq məsuliyyəti aradan qaldırmır. İstər göstərişlə, istər ideoloji motivlə, istərsə də fərdi ehtiraslarla bu cür ağır cinayətlərdə iştirak edən hər kəs hüquqi cavabdehlik daşıyır. Bu, beynəlxalq hüququn da, elementar ədalət anlayışının da tələbidir”-A.Hüseynov deyib.
Ekspert bildirib ki, Azərbaycanın bu istiqamətdə atdığı addımlar hamının maraqlarına uyğun deyil. Belə ki, müxtəlif xarici dairələr, xüsusilə də illər boyu status-kvonun qorunmasında maraqlı olan tərəflər Bakıya təzyiq göstərməyə, prosesi siyasiləşdirməyə çalışırlar:
“Azərbaycan isə buna baxmayaraq, keçmişdə bir neçə dəfə sülhpərvər dövlət imicini qorumaq və sülh prosesini stimullaşdırmaq naminə bəzi məhkum olunmuş şəxsləri qarşı tərəfə təhvil vermişdi. Bu addımlar humanist jest kimi təqdim olunsa da, sonradan həmin xoş niyyətin çox vaxt istismar edildiyi də aydın oldu. Məhz bu səbəbdən hazırkı məhkəmə prosesinin davam etdirilməsi həm hüquqi, həm də siyasi baxımdan zəruridir. Bu, intiqam deyil, hüququn işlədiyini göstərmək cəhdidir. Azərbaycan bu proseslə həm öz vətəndaşlarına, həm də beynəlxalq ictimaiyyətə açıq mesaj verir: ağır cinayətlər unudulmur və zaman keçməsi onları məsuliyyətdən azad etmir”.
Tahirə Qafarlı