AZ

“Ermənistan Araik və ortaqlarını geri istəmir” - Deputatdan SON HÖKMLƏRƏ REAKSİYA

Moderator.az xəbər verir ki, Musavat.com-un “Üç sual, üç cavab” layihəsində sualları deputat Asim Mollazadə cavablandırıb. Millət vəkili bu gün barəsində hökm oxunan erməni hərbi canilərlə bağlı danışıb.
 
- Asim müəllim, Araik və digərləri sülh müqaviləsindən sonra Ermənistana ekstradisiya oluna bilərmi?
 
- Mənə elə gəlir ki, bu gün çıxarılan hökmlər icra olunmalıdır. Onlar ağır cinayətlər törədiblər və məhkəmə istintaqı zamanı sübuta yetirilib. Bu şəxslərin əli Azərbaycan xalqının qanına batıb. Digər tərəfdən isə Ermənistan da onları geri istəmir. Bu cinayətkarlardan SSRİ və sonrakı dövrdə rus hərbi kəşfiyyatı istifadə edib. İndi bu adamlar Ermənistana getsələr, çevrilişdə iştirak edə bilər. Erməni xalqı isə müharibədən sonra Paşinyana səs verməklə sülhə səs verdi, yəni bu canilərə, revanşist qüvvələrə dəstək vermədi. İndi də onların qayıtmasını istəmirlər.
 
- Ancaq Avropa təsisatları onların azad olunması üçün çağırışlar edir, Fransa parlamenti qətnamə çıxarır…
 
Bunun arxasında müharibə istəyən, gərginlik niyyətində olan erməni diaspora durur. Avropa strukturlarında korrupsiyaya bulaşan şəxslər bu məsələni qaldırırlar. Məsələn, Epşteyn fayllarında təhlükəli adlar çıxır. Məlum olur ki, Avropa Şurasında KQB agentləri olub. Ona görə də erməni diasporu ilə əlaqəli şəbəkələr həbsdə olan ermənilərin məsələsini beynəlxalq müstəviyə çıxarmağa çalışırlar.
 
- Bəs bu qətnamə və bəyanatlarla onların azadlığa buraxılmasına nail olmaq mümkündürmü?
 
- Bu bəyanatlar Azərbaycana qətiyyən təsir edə bilməz. Bizə bu yollarla təzyiq göstərmək istəyənlərin planları baş tutmayacaq. Sadəcə, hay-küy qaldırırlar. Bu şəxslərin törətdiyi cinayətlərin mahiyyətini bilirik. Onları kimlərin müdafiə etməsi və arxasındakı siyasi səbəb də bizə aydındır. Yəni müharibə tərəfdarları hərbi canilərin məsələsini gündəmə gətirirlər. Bununla onlar Cənubi Qafqazda itirdikləri mövqelərini qaytarmağa cəhd edirlər.
Seçilən
3
1
moderator.az

2Mənbələr