AZ

"Trampın siyasəti mövcud dünya nizamını dəyişir" - MÖVQE

"Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın apardığı siyasət dünyada uzun illərdir formalaşmış mövcud nizamı ciddi şəkildə yerindən oynadıb".

Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Artıq onilliklər boyu oturuşmuş, lakin çox zaman real nəticə verməyən yanaşmalar tədricən kənara çəkilir və onların yerini daha praqmatik, nəticəyə hesablanmış siyasət tutur.

Bu gün Donald Tramp məhz real nəticələrə fokuslanan addımlar atır. Ondan əvvəl isə beynəlxalq münasibətlərdə bir növ durğunluq müşahidə olunurdu. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı formal olaraq proseslərə rəhbərlik etsə də, praktiki nəticələr əldə olunmurdu.

Bunun ən bariz və acı nümunələrindən biri Azərbaycanın yaşadıqlarıdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə təxminən 30 il ərzində kağız üzərində qaldı və Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından bir addım belə geri çəkilmədi. Nəticədə Azərbaycan məcburiyyət qarşısında qalaraq öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi.

Donald Tramp isə açıq şəkildə bildirir ki, reallıqları nəzərə almaq lazımdır və problemlər uzun-uzadı bürokratik mexanizmlərsiz, birbaşa masa arxasında həll olunmalıdır. Bu yanaşma klassik diplomatiyadan fərqli olaraq, mövcud dünya düzəninin dəyişdirilməsinə yönəlmiş yeni siyasi modelin göstəricisidir.

Ümumilikdə, Donald Tramp hazırda dünyanı yenidən formatlaşdırmağa çalışan bir siyasi xətt yürüdür və görünən odur ki, bu yanaşma artıq zamanın tələbidir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
8
1
sia.az

2Mənbələr