Bakı, 5 fevral, AZƏRTAC
Məlumat verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib. Forum çərçivəsində diaspor gənclərinin təşkilatlanması, liderlik bacarıqlarının artırılması və beynəlxalq platformalarda fəallığının gücləndirilməsi məqsədilə panel müzakirələri və silsilə təlimlər təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.
“Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyinin rəhbəri Vəli Əlibəyov “Diaspor və lobbiçilik” və “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçib, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı” mövzusunda gənclərlə panel müzakirəsi aparıb. Təlimlərdə diasporun təsir alətləri, effektiv lobbiçiliyin şərtləri, media ilə iş, sosial şəbəkələrdə koordinasiya və dezinformasiyaya qarşı mübarizə yolları barədə gənclər bilgiləndirilib, müxtəlif praktik modellər üzrə tapşırıqlar həll edilib. Paneldə isə diaspor gənclərinin beynəlxalq təmsilçilikdə rolu, dövlət–diaspor–gənclər modeli və milli maraqların müdafiəsinə gənclərin töhfəsi kimi məsələlər barədə fikir mübadiləsi olub, bir sıra tövsiyələr səsləndirilib.
Türkiyənin Qars Qafqaz Universitetinin professoru İlkin Qulusoy diaspor gəncləri ilə “Azərbaycan dilinin qorunması və təbliği” mövzusunda fikir mübadiləsi aparıb. O, dilin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb, rəqəmsal platformalar vasitəsilə qorunub saxlanmasının vacibliyindən danışıb. Eyni zamanda, xaricdə Azərbaycan dili kurslarının təşkilindən bəhs edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin Camalov Azərbaycan Diaspor Gənclərinin yeni koordinatorlarını forum iştirakçılarına təqdim edib, təşkilat haqqında geniş məlumat verib. Bundan başqa, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” panelindəki çıxışında diaspor gəncləri ilə dövlət qurumları arasında davamlı əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.
Forumun sonunda Azərbaycan Diaspor Gənclərinin 2026-2028-ci illər üzrə Fəaliyyət Planı qəbul olunub.