“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa Raul Asensionu ehtiyatla meydana qaytarmağa başlayıb.
İdman.Biz “Marca”ya istinadla xəbər verir ki, Madrid təmsilçisinin çalışdırıcısı futbolçunu La Liqanın “Valensiya” ilə səfər oyununda “Mestalya” stadionunda istifadə etməyi planlaşdırır.
Raul Asensionun baldır nahiyəsində problemlər tam aradan qalxmasa da, texniki heyət onun vəziyyətini nəzarət altında saxlayır. Hazırkı plana əsasən, futbolçu “Valensiya”ya qarşı oynadıqdan sonra “Sosyedad”la matçda ehtiyatda qalacaq. Məqsəd Asensionu Çempionlar Liqasında “Benfika” ilə qarşılaşmaya tam hazır vəziyyətdə çatdırmaqdır.
Mənbənin məlumatına görə, bu tip zədələrdən sonra tam bərpa prosesi adətən 6-8 həftə çəkir. Buna baxmayaraq, Raul Asensio komandanın maraqlarını ön plana çəkərək müəyyən riskə getməyə razı olub və “Real Madrid” üçün mümkün qədər tez meydana qayıtmaq istəyini nümayiş etdirib.