5 fevral 2026-cı il Azərbaycanın müasir tarixində təkcə bir məhkəmə günü kimi deyil, uzun illər yarımçıq qalmış ədalətin hüquqi müstəvidə tamamlandığı bir mərhələ kimi yadda qalacaq.
Bu tarix döyüş meydanında qazanılmış Zəfərin məhkəmə zalında davamı, silahın susduğu yerdə hüququn danışdığı gündür. Əgər 8 Noyabr milli iradənin və hərbi gücün simvoludursa, bu gün hüququn, sübutun və dövlət iradəsinin təntənəsidir.
Bakıda keçirilən məhkəmə prosesi sıradan bir cinayət işinin araşdırılması olmadı. Bu, faktiki olaraq onilliklər boyu beynəlxalq platformalarda qulaqardına vurulan, siyasi manipulyasiyalarla kölgədə saxlanılan cinayətlərin sistemli şəkildə ifşası idi. Məhkəmə istintaqı zamanı təqdim edilən sübutlar göstərdi ki, Qarabağda törədilmiş vəhşiliklər nə təsadüf, nə də “müharibənin qaçılmaz nəticəsi” olub. Mülki əhalinin məqsədli şəkildə hədəfə alınması, yaşayış məntəqələrinin qorxu yaratmaq üçün atəşə tutulması, terror və diversiya aktlarının mərkəzləşdirilmiş göstərişlər əsasında icra edilməsi artıq sənədlərlə, şahid ifadələri ilə və ən əsası, müttəhimlərin öz etirafları ilə təsdiqləndi.
Bu prosesin mühüm tərəflərindən biri də odur ki, Azərbaycan emosiyaya deyil, hüquqa söykəndi. Arxiv materiallarının toplanması, minlərlə zərərçəkmişin dindirilməsi, hətta əvvəllər araşdırılmamış epizodların yenidən istintaqa cəlb olunması göstərdi ki, məqsəd sadəcə hökm oxumaq deyil, tarixi faktları hüquqi dillə danışdırmaq idi. Bu yanaşma məhkəməni siyasi şou yox, hüquqi presedent səviyyəsinə yüksəltdi.
Məhkəmə zalında səslənən etiraflar isə xüsusilə diqqətçəkicidir. Uzun illər “yerli təşəbbüs”, “müstəqil silahlı dəstələr” kimi təqdim edilən strukturların əslində Ermənistan ordusunun bir hissəsi olduğu, qərarların İrəvanda verildiyi, təminatın mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyi açıq şəkildə təsdiqləndi. Bu faktlar təkcə Azərbaycan üçün yox, regionun son onilliklərdəki reallıqlarını anlamaq baxımından da ciddi əhəmiyyət daşıyır.
Bu məhkəmə eyni zamanda beynəlxalq hüquq sisteminə ünvanlanan mesajdır. Uzun illər “status-kvo”, “dondurulmuş münaqişə” adı altında ört-basdır edilən cinayətlərin vaxtı keçmir. Cinayət gec də olsa, adlandırılır, sənədləşdirilir və hüquqi qiymətini alır. Azərbaycanın bu yolu seçməsi göstərdi ki, güclü dövlət yalnız hərbi baxımdan deyil, hüquqi iradə baxımından da güclü olmalıdır.
Prosesin siyasi konteksti də diqqətdən kənarda qalmamalıdır. Xaricdən edilən təzyiqlərə baxmayaraq, Azərbaycanın bu istintaqdan geri çəkilməməsi dövlətin prinsipial mövqeyini ortaya qoydu. Bu, eyni zamanda gələcək üçün açıq mesajdır: Azərbaycan xalqına qarşı törədilən cinayətlər nə unudulur, nə də bağışlanır. Kimliyindən və tutduğu mövqedən asılı olmayaraq, günahkar bir gün məhkəmə qarşısında cavab verir.
Bu günün mənəvi yükü isə xüsusilə ağırdır. Xocalıda fəryad edən anaların, Gəncədə raket terroru nəticəsində valideynlərini itirən uşaqların, dağıdılmış həyatların xatirəsi bu məhkəmənin görünməyən tərəfidir. Oxunan hökm yalnız hüquqi sənəd deyil, illərlə gözlənilən bir ədalət səsi, gecikmiş, amma gecikməyən haqqın ifadəsidir.
Bu baxımdan 5 fevral təkcə təqvimdə bir tarix yox, Azərbaycanın öz tarixi ilə üzləşdiyi, haqqı hüquqla təsdiqlədiyi və dünyaya “ədalət yalnız meydanda yox, məhkəmədə də qazanılır” mesajını verdiyi gündür.
Züriyə Qarayeva