Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən ümumilikdə 94 layihə və elektron xidmət üzrə iş aparılıb. Bu layihələrdən 69-u təkmilləşdirilmiş, 25-i isə yeni hazırlanmış layihələrdir.
Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov fevralın 5-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2025-ci ildə e-xidmətlərdən istifadə göstəriciləri e-Sosial portalından 17,2 milyon dəfə, e-xidmətlərə ümumilikdə 27,1 milyon müraciət olub. Proaktiv qaydada 258 min təyinat aparılıb. Vətəndaşlar tərəfindən 711 min e-arayış alınıb.
““e-Sosial” portalı və mobil tətbiqi təkmilləşdirilərək portal üzərindən müraciətlərin statusunun izlənməsi, əməkhaqqı kalkulyatorundan istifadə mümkün olub. Həmçinin, portalda süni intellekt əsaslı “iDOST" köməkçi botu sorğuların cavablandırılması və birbaşa xidmət keçidlərinə yönləndirmə funksiyaları ilə istifadəçilərin ixtiyarına verilib. Hazırda portalda və mobil tətbiqdə istifadədə olan “Sənə özəl” menyusu əlilliyi olan şəxslər üçün reabilitasiya ilə bağlı məlumatları tam əlçatan edir. Eyni zamanda, tətbiq daxilindəki rəqəmsal barkod və QR kod sistemi pensiyaçılara, müavinət və təqaüd alan şəxslərə tərəfdaş market, aptek və klinikalarda real endirimlərdən yararlanmağa imkan verir”.
Qeyd edək ki, e-Sosial portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 2,7 milyonu ötüb.
Leyla Səməndər