AZ

Qurban Qurbanovdan taktikası futbol olmayan sahələrdə də işləyirmiş...

"Marketinq futbol meydançası olsaydı, “ölkənin Qurban Qurbanovu” kim olardı?
Ötən həftə ofisdə Ziya Asgarov ilə Qurban Qurbanovun uğur formulu barədə ayaqüstü söhbətdən sonra ağlıma bu sual gəldi: Bəs biz marketinq kommunikasiyasında Qurban Qurbanovun idarəçilik fəlsəfəsindən nə öyrənə bilərik?"

Ölkə.Az xəbər verir ki, bunu kontent yaradıcısı Əliağa Şərəfxanlı deyib. O, Qurban Qurbanovun starategiyasını marketinq dili ilə izah edib:

“Brendin mövqeləndirilməsindən, TOV-undan tutmuş, büdcə idarəçiliyinə, data analitikasına qədər 10 mühüm dərsi bir yerə topladım:

1. Hər gedişin bir riyaziyyatı var
Qurban müəllimin əvəzetmələri intuisiya yox, oyunun tempi və futbolçunun fiziki dözümlülüyünü ölçən rəqəmlərə əsaslanır.
Marketinq direktoru kreativliyi şəxsi zövq yox, data ilə idarə etməlidir. Kreativlik və data düşmən deyil, partnyordur. Data nəyin işlədiyini göstərir, kreativlik isə onun necə təsirli olacağını.

2. Bazar diktəsi yox, brendin fəlsəfəsi
Rəqib kim olursa-olsun, Qurban Qurbanov öz oyun üslubundan əl çəkmir.
Brend rəqiblərə baxıb dərhal eyni reaksiyanı verməməlidir. Marketinq direktoru trend arxasınca qaçmaq əvəzinə, öz strateji xəttini yürütməli və bazarı öz oyununa çəkməlidir.

3. Rəqəmlərdən öncə keyfiyyət
Q. Qurbanov üçün nəticədən öncə oyunun keyfiyyəti gəlir. Keyfiyyət varsa, nəticə onsuz da olacaq.
Təkcə aylıq KPI-lara fokuslanmaq yaradıcılığı öldürür. Proses düzgün aparılanda, kontent keyfiyyəti artanda və müştəri məmnuniyyəti hədəf kimi qoyulanda satış rəqəmləri təbii nəticə kimi özü gələcək.

4. Sistem fərdlərdən üstündür
Əsas oyunçular "Qarabağ"dan gedir, amma sistem qalır.
Əgər kreativ komandada iş bir nəfərin üzərində qurulubsa, burada risk var. Kopirayter gedəndə brendin TOV-u dəyişməməlidir.

5. Büdcə yox, taktika qalib gəlir
Rəqiblərdə bəzi futbolçuların qiyməti "Qarabağ"ın illik büdcəsindən çoxdur. Amma meydançada qalib "Qarabağ"dır.
Büdcə bəhanə olmamalıdır, əksinə, əlavə motivasiya ola bilər. Kiçik büdcə ilə düzgün hədəflənmiş, strateji kreativ iş yüz minlik mənasız kampaniyaları məğlub edər.

6. Uzunmüddətli baxış
Qurbanov 2008-ci ildən bəri bu gün gördüyümüz oyun fəlsəfəsini qurur. O, bir çempionluq deyil, onillik uğurun arxasınca gedir.
Sadəcə bugünkü "like"ları yox, brendin 5 il sonrakı reputasiyasını düşünmək. Müvəqqəti trendlərin arxasınca qaçmaqdansa, brendin DNT-sini qorumaq lazımdır.

7. Dərin analiz
Bizim gördüyümüz 90 dəqiqədir. Amma Qurban müəllim üçün əsas iş həftələrlə davam edən video-analizlər ilə rəqibi tanımaqdır.
Reklam filmi aysberqin görünən tərəfidir. Bazar araşdırması və insayt olmadan hazırlanan kreativ kampaniya qaranlığa daş atmaqdır, potensial büdcə itkisidir.

8. Sakitlik ən böyük gücdür
Komanda məğlub olanda belə, Qurban müəllimi panikada görməzsiniz. O sadəcə növbəti gedişləri hesablayır. Rəhbərlikdən təzyiq var, yaxud kampaniya gözlənilən nəticəni vermir? Panika düzgün qərar verməyi öldürür.
Böhranı soyuqqanlı idarə et ki, komandan sənə güvənsin.

9. Rəhbərlik dəstəyi
"Qarabağ" rəhbərliyi Qurban Qurbanova illərdir güvənir. Hətta uğursuz vaxtlarda belə.
Marketinq direktoru rəhbərliyin etimadını qazanmalıdır. Əgər rəhbərlik marketinq bölməsinə paylaşım edən insanlar qrupu kimi baxırsa, ən güclü strategiya belə uğursuz olacaq

10. Dürüst olmaq brendin simasıdır
Qurbanovun əllə vurulan qolu ləğv etdirməsi özünün və klubun nüfuzunu qələbələrdən daha çox artırdı.
Müştərini aldatmaq üzərində qurulan marketinq gec-tez iflasa uğrayır. Brendin dürüstlüyü onun ən böyük aktividir (McCann-Erickson-un "Tell the truth" fəlsəfəsi).

Billurə
 

Seçilən
59
1
olke.az

2Mənbələr