AZ

Starlink-in bloklanması cəbhədəki Rusiya ordusunda idarəetməni iflic edib

Məlumatlara görə, cəbhədə Rusiya qoşunlarının idarə olunması faktiki olaraq dayanıb...

Poliqon xəbər verir ki, “Dossier. Gizli kontur” telegram kanalının əldə etdiyi məlumatlara əsasən, cəbhə xəttində hücum əməliyyatları dayandırılıb, bölmələrin idarəetmə sistemi isə ciddi nasazlıqlarla işləyir. Buna səbəb məcburi ilkin qeydiyyatın tətbiqindən sonra Starlink peyk rabitəsinin Rusiya hərbçiləri üçün deaktiv edilməsidir. Bir neçə gündür ki, İlon Maskın şirkəti faktiki olaraq Rusiya tərəfinin peyk rabitəsindən istifadəsini qadağan edib, Ukrayna Silahlı Qüvvələri isə sistemdən avtorizasiyadan sonra istifadəni davam etdirir.

Cəbhədən daxil olan məlumatlara görə, vəziyyət kritik həddə yaxındır. Starlink-in iki il ərzində aktiv şəkildə tətbiqindən sonra əməliyyat idarəçiliyinin demək olar ki, bütün elementləri - bölmələr arasında əlaqə, atəşin koordinasiyası, pilotsuz uçuş aparatlarından (PUA) məlumat ötürülməsi məhz ABŞ-nin peyk infrastrukturuna bağlanıbmış. Sabitlik və sürət baxımından ona bərabər alternativ isə praktikada Rusiyada mövcud olmayıb.

Mənbələrin iddiasına görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Prezident Administrasiyasından daxil olan sorğulara son dərəcə təmkinli reaksiya verilir. Cavabların məğzi bir fikrə söykənir: Rusiya rabitə vasitələri müasir yüksəktexnoloji döyüş şəraitində effektiv fəaliyyət göstərə bilmir. Nə mühafizə səviyyəsinə, nə dayanıqlılığa, nə də miqyaslana bilmə imkanlarına görə mövcud sistemlər artan yüklənməyə tab gətirmir.

Müsahiblərin sözlərinə görə, yaranmış vəziyyət yüksək rütbəli hərbçilərin bir hissəsində açıq qəzəb doğurur. Qapalı müzakirələrdə onlar Kremldən səngərlərdə olan əsgərlərə ictimai şəkildə izah verməyi tələb edirlər: müharibənin beşinci ilində dövlət niyə milyardlarla rublu hərbi baxımdan yararsız hesab edilən MAX messenceri kimi layihələrin hazırlanması və təşviqinə xərcləyir, amma özünün tamhüquqlu peyk rabitə sistemini yaratmır.

Hərbi mühitdə getdikcə daha sərt və hakimiyyət üçün təhlükəli bir nəticə səslənir: dövlət prioritetləri dəyişib. Zabitlərin fikrincə, hakimiyyət ordunun təminatı və döyüş meydanında qələbə üçün deyil, vətəndaşlar üzərində total nəzarət alətlərinə sərmayə qoyur. Nəticə isə cəbhənin xarici infrastrukturdan asılılığı və ən kritik anda idarəetmə kollapsıdır.

Mənbələr vurğulayır ki, bu böhran texniki deyil, sistem xarakterlidir və onun nəticələri hücum əməliyyatlarının müvəqqəti dayanmasından qat-qat ciddi ola bilər.

Poliqon.info

Seçilən
37
38
poliqon.info

10Mənbələr