ABŞ-də azyaşlılara qarşı cinsi istismar işi ilə tanınan milyarder Cefri Epşteyn istintaqında adı hallanan texnologiya nəhəngi Bill Qeyts etirafı ilə diqqət çəkib. Əvvəlcə vəkilləri vasitəsilə ittihamları təkzib edən Qeyts, keçmiş həyat yoldaşı Melinda Frenç Qeytsin proseslə bağlı sərt tənqidlərindən sonra "9News" kanalına müsahibəsində bilinməyən məqamları açıqlayıb.
BAKU.WS xəbər verir ki, Qeyts ictimai qəzəbə səbəb olan bu proses barədə bəzi səmimi ifadələr səsləndirib:
"Onunla vaxt keçirmək böyük bir səhv idi. Onu tanıdığına peşman olan tək adam mən deyiləm. O, çox sayda varlı insanı tanıyırdı və qlobal səhiyyə layihələri üçün ianələr toplaya biləcəyini deyirdi. Geriyə baxanda bunun çıxılmaz bir yol olduğunu görürəm".
Keçmiş həyat yoldaşı Melinda Frenç Qeytsin "Bu suallara onlar cavab verməlidir, mən yox" deyərək məsuliyyəti keçmiş ərinin üzərinə atmasından sonra Qeyts, Epşgteyn ilə münasibətini belə izah edib:
"Cəmi bir neçə şam yeməyində iştirak etdim. Heç vaxt adaya getmədim. Heç bir qadınla tanış olmadım. Görünür, Cefri öz-özünə bir məktub yazıb. Bu məktub heç vaxt göndərilməyib və tamamilə yanlışdır. Onu tanıdığına peşman olan çox sayda insandan biriyəm. Ortaya çıxan məlumatlar artdıqca, onunla vaxt keçirməyin bir səhv olduğu daha aydın görünəcək".
Qeyts, 2011-ci ildə başlayıb təxminən üç il davam edən bu təmasların tamamilə peşəkar məqsədlər daşıdığını iddia edib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Ədliyyə Departamenti "Epşteyn işi" ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.