AZ

Marketlərdə eyni məhsulun fərqli qiymətə satılması istehlakçı hüquqlarını pozur? Eyyub Hüseynov

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son dövrlər istehlakçılar marketlərdə tez-tez eyni mənzərə ilə qarşılaşırlar. Eyni alıcıya eyni tərkib və çəkidə olan məhsul bir marketdə fərqli, başqa marketdə isə daha yüksək və ya daha aşağı qiymətə təklif olunur. Bu cür qiymət fərqləri alıcılar arasında suallar doğurur və istehlakçı hüquqları baxımından müəyyən məsələləri aktuallaşdırır. Xüsusilə, bu fərqlərin hansı hallarda qanuni bazar mexanizmi, hansı hallarda isə istehlakçının aldadılması kimi qiymətləndirilməsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, eyni məhsulun müxtəlif marketlərdə fərqli qiymətə satılması əgər həmin məhsulun qiyməti dövlət tərəfindən tənzimlənmirsə, bu qanunidir:

“Bu, bazar iqtisadiyyatının prinsiplərindən irəli gəlir. İstənilən mal istənilən qiymətə satıla bilər. Bu halda istehlakçı seçim etməlidir. Lakin bəzi məhsullar var ki, onların qiymətləri dövlət tərəfindən tənzimlənir. Çoxsaylı dərmanlar, benzin və bəzi xidmət sahələri bu kateqoriyaya daxildir. Digər məhsullarda isə qiymət fərqləri ola bilər. Qiyməti dövlət tərəfindən tənzimlənən dərmanlar üçün yuxarı qiymət həddi müəyyən edilir. Həmin dərmanlar bu həddən aşağı qiymətə satıla bilər. Qanun buna icazə verir. Azad İstehlakçılar Birliyinə tez-tez şikayətlər daxil olur ki, çörək hansısa yerdə bir qiymətədir, başqa yerdə fərqli qiymətə satılır və bunun qanun pozuntusu olduğu iddia edilir. Xeyr, bu qanun pozuntusu deyil. Bu, azad bazar iqtisadiyyatının tələblərindən irəli gəlir və qiymətlərin sərbəst müəyyənləşdirilməsinə imkan verir. Əgər söhbət qiyməti dövlət tərəfindən tənzimlənən mallardan gedirsə və istehlakçı pozuntu ilə qarşılaşarsa, bu halda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmələri tövsiyə olunur”.

Nurcan Babək

Oxunub 20

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
avtosfer.az

1Mənbələr