AZ

İcraçı direktor: Bərpaolunan enerjiyə qoyulan investisiyalar yeni iş yerlərinin sayını 3 qat artırır

Bakı, 5 fevral, AZƏRTAC

Bərpaolunan enerjiyə qoyulan investisiyalar 3 qat daha çox iş yeri yaradır. Azərbaycan üçün bu, xüsusilə aktualdır.

Bunu AZƏRTAC-a müsahibəsi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, yaşıl keçid artıq sadəcə ekoloji gündəm deyil, eyni zamanda, iqtisadiyyatın strukturunu və əmək bazarının tələbini dəyişən qlobal transformasiyadır.

“Bu yeni investisiya dalğasıdır və məşğulluq üçün real bazar yaradır. Dünya İqtisadi Forumunun (DİF) bu ilki illik toplantısında gedən müzakirələrdə səslənən fikirlərdən birinə istinadən deyə bilərəm ki, bərpaolunan enerjiyə qoyulan investisiyalar 3 qat daha çox iş yeri yaradır. Yəni bu, təkcə enerji istehsalı deyil, paralel olaraq layihələndirmə, tikinti-quraşdırma, istismar, texniki xidmət, şəbəkə modernləşməsi və yerli təchizat zəncirləri deməkdir. Bütövlükdə baxdıqda istər süni intellekt, istərsə də “yaşıl keçid” kimi müasir tendensiyalar tamamilə yeni peşələrin yaranmasından daha çox mövcud peşələrin yenilənməsidir. Bu da təbii olaraq əvvəlcə də qeyd etdiyim kimi, yenidən ixtisaslaşdırma (reskilling) və bacarıqların artırılmasını (upskilling) zəruri edir. Azərbaycan üçün bu, xüsusilə aktualdır. Bildiyiniz kimi, Azərbaycan böyük həcmdə bərpaolunan enerji potensialına malikdir. Təkcə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialı 10 min meqavat gücündə qiymətləndirilir. Bundan başqa, bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücünün ümumi gücdə payı 20 faizdən çoxdur və bu mənbələr hesabına istehsal olunmuş elektrik enerjisinin payı son 5 ildə davamlı olaraq artmaqdadır. Təbii ki, bu potensial enerji sektorunda və onun ətraf dəyər zəncirlərində yeni peşə tələbləri yaradır”,- deyə V.Qasımlı diqqətə çatdırıb.

Müsahibənin tam versiyası ilə bu linkdə tanış ola bilərsiniz.

Seçilən
34
1
azertag.az

2Mənbələr