ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ administrasiyasının dünyanın aparıcı geyim və ayaqqabı şirkətlərindən biri olan “Nike” barəsində, ağdərili işçilərə müsbət ayrı-seçkilik tətbiq edildiyi iddiaları ilə araşdırma başladığı bildirilir.
"Cebheinfo.az" xəbər verir ki, Britaniyanın ictimai yayım qurumu “BBC”-nin xəbərinə görə, ABŞ-nin Bərabər Məşğulluq İmkanları Komissiyası (EEOC) “Nike” şirkətindən 2018-ci ilə qədər uzanan şirkət sənədlərini tələb edib.
Tələb olunan sənədlər arasında irqi və etnik mənsubiyyət məlumatlarının istifadəsi, eləcə də bu məlumatların yüksək vəzifəli rəhbərlərin maaşlarına təsir edib-etmədiyinə dair qeydlərin olduğu qeyd edilir.
Bundan başqa, “Nike”-dan 2024-cü ildə işdən çıxarılması ehtimalı qiymətləndirilən və ya artıq işdən çıxarılan bütün əməkdaşlara aid şəxsi məlumatlar da tələb olunub.
ABŞ-nin Bərabər Məşğulluq İmkanları Komissiyası bildirib ki, araşdırma Ağ Evin Xüsusi Katib Müavininin rəhbərlik etdiyi, qeyri-kommersiya təşkilatı olan “America First Legal” qurumunun 2024-cü ildə etdiyi şikayət əsasında təxminən 13 ay əvvəl başlanıb.
Lakin məhkəmə sənədlərində “Nike”-ın “öhdəliklərini yerinə yetirməməsinin” qanunsuz məşğulluq təcrübələri ilə bağlı araşdırmanı “gecikdirdiyi” və “əngəllədiyi” qeyd olunub.
Araşdırma çərçivəsində şirkətin “ağdərili işçilərə, iş müraciəti edənlərə və təlim proqramlarında iştirak edənlərə qarşı fərqli münasibət göstərdiyi” iddiaları araşdırılır.
“Nike” rəhbərliyi isə mövzu ilə bağlı açıqlamasında “ədalətli və qanuni məşğulluq təcrübələrinə sadiq olduqlarını” bildirərək, araşdırmanı “təəccüblü və qeyri-adi” kimi qiymətləndirib.
Şirkət açıqlamasında ayrı-seçkiliyə qarşı bütün qanunlara əməl etdiklərini vurğulayaraq, “Proqramlarımızın və təcrübələrimizin bu öhdəliklərlə uyğun olduğuna inanırıq və bu məsələləri ciddi şəkildə nəzərdən keçiririk. EEOC ilə əməkdaşlıq səylərimizi davam etdirəcək və müraciətə cavab verəcəyik”, – deyə bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.