AZ

Aşıq Qaranı – Qul Qaranının kimliyi aydınlaşır

Ardahan, Bəylər, Hallavar, yoxsa Saraçlı?

Bir sıra ədəbiyyat və folklor araşdırmalarında, ustad aşıqların söyləmələrində XVIII yüzilin sonları, XIX yüzilin önlərində yaşadığı güman edilən Türk dünyasının böyük söz və saz ustadı Qul Qaranı – Aşıq Qaranı adı ötəri olaraq xatırlansa da, əldə olan şeirləri onun çoxbilikli ürfan və təsəvvüf şairi olduğunu göstərir. Türkiyə və Azərbaycan bilim adamları Qul Qaranının yalnız adını çəkir, kimliyi barədə müəyyən ehtimallarla kifayətlənirlər.

Çünki Türkiyədə və Azərbaycanda Qaranı haqqında məxəzlər çox məhduddur və əksəri də şifahi səpkilidir. Yəni ustadın adına cəmi bir neçə şeirdən və Xəstə Hasanla deyişmələrindən başqa heç yerdə ətraflı nəyəsə rast gəlinmir.

Bir gün Aşıq Hüseyn Saraçlının gənc tədqiqatçısı Rəşad Saraçlı Əliyev şair-aşıq Qul Qaranı ilə bağlı araşdırma apardığını, ustadın mənim ulu babam olduğunu söylədi. Bu bağlılığı böyüklərimizdən eşitmişdim, ancaq düzü, təfsilatını bilmirdim. Buna görə də Rəşadın təşəbbüsünü ürəkdən bəyəndim. Onun “Xalq qəzeti”nə təqdim etdiyimiz bu yazısında arxiv materiallarını çözmək, rəvayətlərlə müqayisələndirmək, nəsil-şəcərə düzülüşünü əlaqələndirmək və bərpa etmək bacarığını gördüm.

Dəyanət OSMANLI,
şair-publisist

Onun haqqında Vikimənbə bir cümləlik ümumi məlumat verir: “Qul Qaranı (XVIII əsrin 2-ci yarısı – ?) Türkiyədəki Ardahan qəsəbəsi yaxınlığındakı Dəyirman köyündəndir”. Türkiyə araşdırıcılarının əksəriyyəti onu ardahanlı hesab edirlər. Amma onun haralı olması barədə dəqiq bir faktı qeyd edən yoxdur.

Amma düz deyiblər ki, izlər mütləq hardasa özünü büruzə verməlidir. Xəstə Hasanın məşhur “Sözdə bir” divanisində Qul Qaranının adı Vaqif, Gövhəri, Qara Zülal və Aşıq Ömər kimi görkəmli sənətkarlarla birgə xatırlanır. Rəvayətlərə görə, Xəstə Hasan Qul Qaranının şəyirdi olmuş, gənc yaşlarında məşhurlaşması da Qaranının adıyla bağlıdır.

Qaranı barədə Azərbaycanda ilk dəfə filologiya elmləri doktoru Şurəddin Məmmədli məlumat vermişdir (Ş.Məmmədli. Borçalı ədəbi mühiti, Bakı, 2000).

Filologiya elmləri doktoru Əflatun Saraçlı da Türk dünyasında aşıq məktəblərinin ən şaxəlisi olan Borçalı aşıq məktəbindən bəhs edərkən qüdrətli sənətkarlar sırasında Qaranının da adını çəkmişdir. Ş.Məmmədli yazısında, yəqin ki, Türkiyə ehtimal-qaynaqlarına və Borçalıda yaşlı insanlardan eşitdiyi məlumatlara əsaslanaraq Qaranıdan “Borçalı-Ahısqa, Qars ədəbi şəbəkəsinin qüdrətli sənətkarı” deyə bəhs edir. Onun Ahısqada doğulub, Borçalıda məşhurlaşdığı, Urfanı, Küfdadi, Usta Polad, Qara Zülalla bir dövrdə yaşadığı bildirilir. Borçalı və Qarayazının Bəylər, Saraçlı, Kosalı, Qaracalar kəndlərində Qaranizadə soyadlarının olduğu vurğulanır...

Folklor araşdırmaçısı Əli Şamil də aşıq Qaranı haqqında “Sözdə birincilərdən olan aşıq Qarani” adlı məqaləsində özündən əvvəlki mülahizələrə söykənərək, sənətkarın həyat və yaradıcılığı, kimliyi barədə dəqiqləşdirmələr aparmağa çalışır, şeirləri, Xəstə Hasanla deyişmələri üzərində maraqlı təhlillər aparır. Borçalı aşıqlarının söyləmələrində isə xatırladılır ki, Qaranı Borçalıda və Türkiyədə məşhur olmuşdur. Bu məqamda aşığın Borçalıdan, Borçalı Saraçlısından, yaxud Ardahandan və s. olduğu barədə gümanlar açıq qalır.

Digər sual isə Qaranının ad, yoxsa soyad olmasıdır. Bütün dövrlərdə aşıq və ozanların təxəllüslərinin əsasən addan öncə gəldiyi fikrinə əsaslansaq, deyə bilərik ki, Qaranı aşığın adı, Qul isə təxəllüsüdür. Qaranının haralı olması isə arxiv materialları ilə el arasında gəzən rəvayətlərin kəsişməsindən bəlli olur.

2006-cı ildə Aşıq Hüseyn Saraçlının Bakı şəhərində keçirilən 90 illik yubileyində Əflatun Saraçlı belə bir fikir səsləndirmişdi: “Borçalı aşıq məktəbi üzü Qaranıdan bəri bir çox nəhəng və azman sənətkarlar yetişdirib”. O zaman Aşıq Qaranı adı məndə maraq doğurdu. Çünki doğma kəndim Saraçlıda Qaranılar nəsli və o adı soyad olaraq daşıyan çoxlu insanlar vardı. Qaranı kimdir, Borçalının hansı kəndindən olub, bizim Saraçlıda yaşayan qaranılarla nə bağlılığı? Bu suallar həmişə məni düşündürüb. Hər addımda Aşıq Qaranı haqqında üzdə olan bəsit məlumatlardan əlavə ətraflı nəsə öyrənməyə çalışırdım.

Əldə olan ilk mənbələr Qaranı haqqında Ş.Məmmədlinin sözügedən məqaləsi və folklorçu-alim E.Məmmədlinin babası Məmməd Hüseynqulu oğlunun dilindən qələmə alınmış yazı və Ə.Şamilin araşdırması idi. Ş.Məmmədlinin məqaləsində və M.Hüseynqulu oğlunun verdiyi məlumatlarda Qaranının Borçalının Bəylər kəndindən olduğu bildirilir. Ə.Şamilin məqaləsində türkiyəli araşdırmacıların, o cümlədən Əjdər Aslanın verdiyi şifahi bilgilərə əsaslanaraq Qaranının 18-19-cu əsrlərdə Ardahanın Dəyirman köyündən olduğu fikrini irəli sürür.

Sonralar mən Azərbaycan Dövlət Səsyazmalar Arxivində Hüseyn Saraçlının səs yazılarını axtararkən ustadın 1986 və 1987-ci illərdə sənətşünaslıq namizədi Azad Ozan Kərimliyə verdiyi iki müsahibəyə rast gəldim. Birinci səs yazısında aşığın “anamın süd tərəfində bir şair Qaranı olub” deməsi yenidən diqqətimi çəkdi. Ustad şair-aşıq Qaranının iticəsi olduğunu bildirir:

“Azad Ozan Kərimli: – Sizin nəsildə aşıq olub?

Aşıq Hüseyn Saraçlı: – Bizim nəsildə, Qaranı deyirlər, mənim süd tərəfimdə olub, ayrı bir kənddə yaşıyırmış, özü də Türkiyəyə, İrana-zada işləyirmiş vaxtilə”.

“Azad Ozan Kərimli: –Yaxşı, neçə nəsil bundan qabaq olub o Qaranı, təxminən?

Aşıq Hüseyn Saraçlı: – Mən onun iticəsi oluram.

Azad Ozan Kərimli: – Ötücəsi?

Aşıq Hüseyn Saraçlı: – İticəsi. Bax, nəvədi, nəticədi, kötücədi, ötücədi, iticədi (Aşıq Qaranı-Vəli-Hacı-Fatma-Gülpəri-Yetər-Aşıq Hüseyn)”.

Hüseyn Saraçlı 1987-ci ildəki ikinci müsahibəsində yenə Qaranının kimliyi məsələsinə toxunaraq ulu babası olduğunu vurğulayır. Bu müsahibələr Qaranı ilə bağlı araşdırmaları davam etdirmək marağımı daha da artırdı. Bu arada professor Valeh Hacıların Borçalının 1821-ci il kameral təsvirini əks etdirən “Ulu baban kim olub” adlı kitabı əlimə düşdü. Kitabda saraçlılıların 1821-ci il siyahısında Qaranı ilə birlikdə onun 3 övladının (Emin, Vəli, Habil) və 4 nəvəsinin (Ocaqqulu, İbrahim, Hacı, Alı) adı göstərilir.

Hələlik son arxiv materiallarının məcmusu araşdırmaçı Nazir Əhmədlinin “Borçalı nahiyəsinin kameral təsviri (1860)” adlı Azərbaycanda Atatürk Mərkəzinin 2024-cü il nəşri olan kitabdır. Bu kameral təsvirdə Qaranının doğum və ölüm tarixlərini dəqiqləşdirmək məqsədilə saraçlılıların 1860-cı il siyahısını nəzərdən keçirərkən aşığın adının 1847-ci ildə doğulan nəticəsinə verildiyi, aşıq Qaranının atasının Abdulla olduğu dəqiqləşir.

“Borçalı nahiyəsinin kameral təsviri (1860)” kitabından gələn qənaətlərin izi ilə Qaranının nəsil-şəcərəsini ardıcıllıqla tərtib etməyə başladım. Və məlum oldu ki, Saraçlının yetirməsi olan ziyalıların, sənətkarların, bir çoxunun (və özümün də, Qaranı-Emin-Musa-Fatma-İsmayıl-Bayram-Qəzənfər-Rəşad) kökü Qaranıya gedib çıxır.

Aşıq Hüseyn Saraçlının bacısı Xoşqədəm xanım da Qaranının hansısa törəmələrindən birinin Ağbabaya köç etdiyini və vaxtilə Hüseyn Saraçlının onlarla gediş-gəlişinin olduğunu xatırlayır.

Hüseyn Saraçlının şəyirdi, Qaranının (Qaranı-Emin-Abdulla-Emin-Paşa-Sabir) ötücəsi Aşıq Sabir Saraçlı isə Qaranının vaxtilə hardansa köçüb Borçalıya gələndə bir müddət Hallavar kəndində yaşayıb aşıqlıq etdiyini, sonradan həmişəlik Saraçlı kəndində köç saldığını qeyd edir. O, Borçalının ustad aşıqlarının dilindən Aşıq Qaranının elə Qul Qaranının özü olduğu barədə eşitdiyini, onun qoşqularının iki ad altında oxunduğunu bildirir. Fikirlər və arxiv sənədləri üzərində müqayisələr də nəticə etibarilə Aşıq Qaranı ilə Qul Qaranının eyni şəxsiyyət olduğunu isbatlayır.

Türkiyəli araşdırmaçı-yazar Orhan Bahçıvan 20 mart 2020-ci il tarixli bloqunda Qul Qaranının Ardahanlı olduğunu, Güney Azərbaycan, Ahısqa və Quzeydoğu Anadoluda başda Xəstə Hasan (1760-1828) olmaqla, ustad aşıqlarla deyişdiyini, onun nəvələrinin Osmanlı-Rusiya savaşı (1877-1878) dönəmində Anadolunun içərilərinə köçdüklərini, Ardahan yan-yörəsində hər hansı bir əqrəbası qalmadığını bildirir.

Bununla belə, heç bir tədqiqatda Anadoluda Qul Qaranının törəmələrindən kiminsə yaşamış olduğu barədə bəlgəyə rast gəlinmir. Borçalının 1821, 1860-cı il kameral təsvirlərindəki saraçlıların siyahısında isə Qaranının törəmələri adbaad keçir. Beləcə, arxiv materialları Qul Qaranının hansı bölgədən olduğu barədə ehtimallar üzərinə də işıq salır.

Bu zaman onun haralı olması məsələsi mülahizə statusundan çıxır və Qul Qaranının Bəylər, Hallavar, yaxud Ardahanın Dəyirman kəndindən deyil, məhz Saraçlı kəndindən olduğu təsdiqlənir.

El yaddaşına görə, Xəstə Hasan Qul Qaranının şəyirdi olmuşdur. Deyişmələrdə Xəstə Hasan Qaranıya ustad deyə müraciət edir:

Əylən usta, хəbər vеrim,
Ol sübhandan ol хəbər.

Xəstə Hasanın Qul Qaranıya “Usta” deyə müraciət etməsi onun böyük bir sənətkar olduğuna ehtiram və etirafdır. Xəstə Hasanın 1799-cu ildə anadan olduğunu və “Borçalı nahiyəsinin kameral təsviri (1860)” kitabından bilindiyi kimi, Qaranının adının 1845-ci ildə anadan olan nəvəsinə yox, 1847-ci ildə doğulan nəticəsinə verilməsini və Xəstə Hasandan yaşca xeyli böyük olmasını nəzərə alsaq, onda Qul Qaranının təxminən XVIII əsrin ikinci yarısında doğulub, 1846-cı ildən gec olmayaraq vəfat etdiyi də müəyyənləşir. Qaranı bölgənin ən qocaman aşığı olduğuna görə, ehtimal ki, Faxralı Aşıq Polad Yusuf oğlu və İmirhəsənli Aşıq Şəfi Yusuf oğlu da onun şəyirdləridir.

El aşığı gəzərgi olar, deyiblər. Bu kəlamın işığı da çox mətləbləri aydınladır. Ustad Hüseyn Saraçlının söylədiklərinə və elin yaddaşındakı rəvayətlərə görə, Qaranı vaxtilə toy-düyün məclisləri aparmaq üçün Borçalıdan Ahısqaya, Türkiyəyə, həmçinin digər bölgələrə daim səfərlər etmişdir. Belə səfərlər zamanı o, müəyyən müddət o bölgələrdə qalıb, həm aşıqlıq edir, həm də şəyirdlər yetişdirirmiş.

Aşıqların söyləmələrindən məlum olur ki, ustad yaşının ahıl çağında şəyirdi Xəstə Hasanın bitkinliyini görərək aşıqlığı ona dövr etdikdən sonra ata yurdu Borçalının Saraçlı kəndinə qayıdaraq ömrünün sonunadək orada yaşamışdır.

Rəşad ƏLİYEV- SARAÇLI

Seçilən
16
1
xalqqazeti.az

2Mənbələr