ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı ağır cinayətlər törətməkdə təqsirləndirilən qondarma rejim liderlərinin məhkəməsi keçiriləcək.
Bununla bağlı ümumi proses necə dəyərləndirilir?
Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib ki, bu gün məhkəmə artıq sözügedən cinayətkarlarla bağlı yekun qərarını verəcək:
“Bu proses yalnız konkret şəxslərin mühakiməsi kimi deyil, bütövlükdə Ermənistanın və onun havadarlarının Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasətinin hüquqi qiymətləndirilməsi kimi qəbul edilməlidir. Təəssüf ki, həmin siyasətin başında dayanan şəxslərin hamısı hələ məhkəmə qarşısına çıxarılmayıb. Lakin ədalət mühakiməsinin gec-tez onlara da çatacağına və bu prosesdə iştirak etmiş bütün cinayətkarların layiqli cəzalarını alacağına inanıram. Bu məhkəmə həm də 30 il ərzində xalqımızın üzləşdiyi ağır faciələrin mühakiməsidir. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal altında qaldı, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi yarandı. Bu məsələ gənc və yeni müstəqillik qazanmış dövlət üçün ciddi sosial-iqtisadi yükə çevrildi. Nəhayət, Azərbaycan öz gücü və iradəsi ilə bu problemin öhdəsindən gəldi, ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Bu gün isə həmin proseslərdə bilavasitə iştirak etmiş və onlara rəhbərlik etmiş cinayətkarların bir qismi məhkəmə qarşısında cavab verir”.
Arzuxan Əlizadə
Deputat bildirib ki, artıq ədalət öz yerini tapır və onlara qarşı ən sərt cəzalar verilməlidir:
“Burada bir məqam da var ki, Azərbaycan qanunvericiliyi humanist xarakter daşıyır. Qanunlara əsasən, 65 yaşdan yuxarı şəxslərə ömürlük həbs cəzası tətbiq edilmir. Təqsirləndirilən şəxslər arasında bu yaş həddinə çatanlar və çatmayanlar var. Buna baxmayaraq, onlar ən ağır cəzalara məhkum edilməlidirlər və ediləcəklər. Eyni zamanda gələcəkdə bu cinayətkarların qarşı tərəfə verilməsinin qəti əleyhdarıyam. Onlar cəzalarını Azərbaycan həbsxanalarında çəkməlidirlər. Ölüm hökmü ölkəmizdə ləğv edilib və açığı, belə bir cəza mövcud olsaydı belə, bu şəxslərə qarşı onun tətbiqinin tərəfdarı olmazdım. Çünki hər gün Azərbaycan ədalət mühakiməsi qarşısında qalmaq, hər gün Azərbaycan həbsxanasında olmaq onlar üçün ən ağır cəzadır”.
Deputat əlavə edib ki, qondarma rejim liderlərinin iki əsas “xülya”sı var idi:
“Bu, “Böyük Ermənistan” yaratmaq və Qarabağı, eləcə də Azərbaycanın bir hissəsini Ermənistan ərazisinə qatmaqdan ibarət idi. Həmin arzular puç oldu və onlar hər gün bunun acısını yaşayır, törətdikləri əməllərin cəzasını ödəyirlər. Ona görə də bugünkü məhkəmə prosesi təkcə hüquqi deyil, həm də mənəvi və ilahi ədalətin bərpası kimi qiymətləndirilməlidir. Azərbaycanın istintaq orqanları onların cinayət əməllərini tam şəkildə sübuta yetirib. Təqsirləndirilən şəxslər həm istintaq zamanı, həm də ötən ilin yanvarından etibarən açıq şəkildə keçirilən məhkəmə proseslərində verdikləri ifadələrlə bu cinayətləri etiraf ediblər. İctimaiyyət üçün açıq olan məhkəmə iclaslarında onların əməlləri bir daha ifşa olunub və sübut edilib. Artıq prosesin son mərhələsinə çatılıb və məhkəmənin onlara layiqli cəzalar verəcəyi gözlənilir”.
Xatırladaq ki, məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.