AZ

Sülhün siyasi arxitekturası: İlham Əliyevin qlobal missiyası

Bu, Cənubi Qafqazda formalaşan yeni reallığının qlobal səviyyədə qəbuludur-Şərh
“Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə diplomatik jest və ya protokol xarakterli hadisə deyil. Bu hadisə Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqların, sülh gündəliyinin və Azərbaycanın beynəlxalq mövqeyinin qlobal səviyyədə qəbul edilməsinin rəmzi kimi qiymətləndirilə bilər”.

Bunu Ölkə.az-a açıqlamasında deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, “Zayed İnsan Qardaşlığı Mükafatı” humanizm, dinlərarası dialoq, tolerantlıq və sülh təşəbbüslərini təşviq edən nüfuzlu beynəlxalq platformadır. “Bu mükafata layiq görülmək o deməkdir ki, təqdim olunan lider yalnız milli siyasətdə deyil, qlobal miqyasda sülh və əməkdaşlıq gündəliyinə real töhfə verən fiqur kimi qəbul edilir”, - o vurğualyıb.
 Deputat  deyib ki, cənab Prezident İlham Əliyevin çıxışında vurğuladığı məqamlar isə dinlərarası dialoq, beynəlxalq əməkdaşlıq, münaqişələrin diplomatik həlli  mükafatın fəlsəfəsi ilə tam üst-üstə düşür: “Bu uyğunluq Azərbaycanın son illərdə həyata keçirdiyi xarici siyasətin əsas xəttini göstərir: qarşıdurma yox, dialoq; blokada yox, əməkdaşlıq; müharibə yox, sabitlik”.
 O əlavə edib ki, mərasimin məhz Əbu-Dabidə keçirilməsi xüsusi siyasi simvolizm daşıyır: “Prezident İlham Əliyevin çıxışında Şeyx Zayedin irsinə və Şeyx Məhəmmədin siyasətinə verdiyi yüksək qiymət Azərbaycan–BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir.

BƏƏ uzun müddətdir ki, qlobal humanitar təşəbbüslər, multikulturalizm və dialoq platformalarının əsas təşəbbüskarlarından biridir. Azərbaycanın bu platformada önə çıxması ölkənin Yaxın Şərq və İslam dünyası ilə siyasi-diplomatik əlaqələrinin genişlənməsinin göstəricisidir. Bu, həm də Azərbaycanın qlobal Cənub ilə əməkdaşlıq xəttinin gücləndiyini göstərir.

Çıxışın ən mühüm hissəsi Azərbaycan və Ermənistan arasında münasibətlərin yeni mərhələyə keçməsi ilə bağlı idi. Prezidentin “biz sülh şəraitində yaşamağı öyrənirik” ifadəsi təkcə emosional deyil, həm də siyasi məna daşıyan mesajdır.
Bu bəyanat regionda uzun illər davam edən qarşıdurmanın yerini tədricən əməkdaşlığın tutduğunu göstərir. Məhdudiyyətlərin aradan qaldırılması, ticarətin başlaması, enerji əməkdaşlığının formalaşması kimi faktlar sülhün yalnız siyasi bəyanat deyil, praktik addımlar üzərində qurulduğunu nümayiş etdirir.

Xüsusilə ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən Zirvə Görüşünün xatırladılması sülh prosesinin beynəlxalq legitimliyini vurğulayır. Bu isə Azərbaycan diplomatiyasının çoxtərəfli əməkdaşlıq modelinə əsaslandığını göstərir”.

Mərasimdə ölkə başçısının çıxışını Azərbaycan modelinin beynəlxalq mesajı kimi dəyərləndirən deputat bildirib ki,  cənab Prezidentin çıxışında “bizim nümunəmiz öyrənilməlidir” fikri xüsusi diqqət çəkir: “Bu tezis Azərbaycanın sülh modelinin regional çərçivədən çıxaraq beynəlxalq səviyyədə təqdim edildiyini göstərir.

Uzunmüddətli münaqişə, qarşılıqlı etimadsızlıq və siyasi gərginlik fonunda sülhə nail olunmasının mümkünlüyü mesajı bu çıxışın əsas ideoloji xəttidir. Bu mesaj hazırda münaqişə yaşayan regionlara ünvanlanmış universal çağırış kimi də oxuna bilər.
Prezidentin çıxışında Əbu-Dabinin danışıqlar prosesində oynadığı rolun xüsusi vurğulanması mərasimin rəmzi məzmununu daha da gücləndirir. Burada əldə olunan razılaşmaların daha sonra Vaşinqtonda rəsmiləşdirilməsi beynəlxalq diplomatiyanın çoxmərkəzli xarakterini nümayiş etdirir.

Bu fakt həm də onu göstərir ki, sülh prosesi tək bir ölkənin deyil, geniş beynəlxalq əməkdaşlığın nəticəsidir.
Əbu-Dabidə keçirilən mükafatlandırma mərasimi Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin beynəlxalq təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin çıxışı isə bu siyasətin əsas mesajını açıq şəkildə ortaya qoyur: Uzunmüddətli münaqişələr belə sülhlə nəticələnə bilər; güclü siyasi iradə və beynəlxalq dəstək sülhün əsas şərtidir; əməkdaşlıq qarşıdurmadan daha dayanıqlı gələcək yaradır.

Beləliklə, bu mükafat təkcə bir liderin fəaliyyətinin qiymətləndirilməsi deyil, həm də Cənubi Qafqazda formalaşan yeni sülh reallığının qlobal səviyyədə qəbulunun simvoludur”.

Mürtəza

Seçilən
24
1
olke.az

2Mənbələr