AZ

"3-4 gündən bir oynamaq çətindir" - Mehdi Cənnətov

style='margin-bottom:10px;'>

“Sumqayıt”ın qapıçısı Mehdi Cənnətovun QOL.az saytına müsahibəsi

- “Zirə”yə qarşı keçirilən kubok oyununda (0:0) təxminən 2 aylıq fasilədən sonra yenidən meydana çıxdınız. Özünüzü necə hiss edirsiniz?

- Ümumilikdə hər şey yaxşıdır. Özümü çox yaxşı hiss edirəm. Oynamağa hazıram. Məşqçilər korpusuna da minnətdaram ki, mənə etimad göstərdilər. 

- Qarşılaşmanı necə şərh edərdiniz?

- Bərabər səviyyəli oyun idi. Sadəcə sona yaxın biz sanki bir qədər dayandıq. “Zirə” qapımız qarşısında təhlükəli epizodlar yaratdı. Hələ heç nə məlum deyil. Bütün suallara ikinci görüşdə aydınlıq gələcək. 

- Sərfəli nəticə qazanmaq üçün nə çatışmadı?

- 3-4 gündən bir oynamaq çətindir. Üstəlik, son matçı süni qazonda oynamışdıq. Bu da təsirini göstərdi. Hava şəraiti də yaxşı deyildi. Əlbəttə, bu, bəhanə deyil, çünki hər iki komanda eyni şərtlərdə oynayırdı. 

- Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz? 

- 50-50-yə. Hər şey cavab matçında bilinəcək. İndidən hansısa komandanı üstün göstərmək olmaz. 

- Avrokuboklara yollanmaq baxımından “Sumqayıt” üçün prioritet kubokdur, yoxsa çempionat?

- Bizim üçün hər ikisi prioritetdir. Turnirlər arasında fərq qoymuruq. Hər matça qələbə üçün çıxırıq. Addım-addım irəli gedirik. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda hədəfimizə çataq. 

- 3 gündən sonra yenidən “Zirə” ilə, bu dəfə çempionatda qarşılaşacaqsınız. Həmin görüş kubok oyunundan nə iləsə fərqlənəcək?

- Kubokun ilk oyunu olduğu üçün hər iki komanda ehtiyatlı oynayırdı. Çünki qarşıda hələ cavab matçı var. Ona görə də heç kim risk etmək istəmirdi. Çempionatda isə vəziyyət fərqlidir. İndi mövsümün elə hissəsidir ki, daha diqqətli olmalıyıq. Hər xal dəyərlidir. 

Seçilən
11
3
teleqraf.com

4Mənbələr