AZ

Azərbaycanda kriptovalyuta bazarının durumu və gələcəyi

Kriptovalyutalar XXI əsrin maliyyə sistemində ən sürətlə yayılan texnoloji yeniliklərdən biri kimi qlobal iqtisadi düşüncələri dəyişdirməyə davam edir. Eyni zamanda, onların ortaya çıxışı cəmiyyətin müxtəlif təbəqələrində fərqli qəbul edilir. Bir tərəf kriptovalyutaları innovasiya, maliyyə azadlığı və iqtisadi müstəqillik kimi dəyərlərlə əlaqələndirir, digər tərəf isə bu fenomeni yüksək riskli spekulyasiya kimi qiymətləndirir.

Kriptovalyuta bazarında son aylarda müşahidə olunan dəyişiklikləri Azərbaycanda da investorlar diqqətlə izləyirlər. Qlobal maliyyə siyasətində yeni tendensiyalar, xüsusən də ABŞ-da kripto aktivlərə artan loyal münasibət bazarda inamsızlığı deyil, əksinə, yeni fürsətləri önə çıxarıb. Məhz bu çərçivədə “Crypto Consulting” MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev ilə həmsöhbət olduq.

– Azərbaycanda kriptovalyutalara yatırım edənlərin sayında artımın əsas səbəbi nədir?

– Kriptovalyuta bazarında son 2 il qiymətlərin artması Azərbaycanda da korporativ şirkətlərin, həvəskar investorların və adi vətəndaşların rəqəmsal aktivlərə olan marağının daha da artması ilə nəticələnib. ABŞ-da “bitcoin-ETF” fondların təsdiq edilməsi prosesləri, ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsini endirməsi, ABŞ Prezidenti Donald Tramp administrasiyasının kriptovalyutalara loyal münasibəti və digər qlobal amillər ilk kriptovalyuta olan bitkoinin 126 min dollara qədər dəyər qazanmasını təmin etdi.

Bununla bərabər, bitkoin kəskin dəyər qazanması insanları kriptovalyutalara investisiya etməyi motivasiya edib. Çünki kriptovalyutalar riskli aktiv olmasına baxmayaraq, ənənəvi maliyyə alətləri ilə müqayisədə dəfələrlə gəlirli olmağı bacarıb. Hazırda ölkəmizdə bitkoin ilə paralel ethereum, solana, ton, ripple, dogecoin və s. kimi altkoinlərə investisiya edənlər də az deyil. Lakin bu investisiya davranışları daha çox pərakəndə və qeyri-peşəkar səviyyədədir, çünki ölkədə kriptovalyuta tənzimlənməsi olmadığından institusional investorlar hələlik aktiv şəkildə daxil ola bilmirlər.

– Bitkoinin qiymətindəki belə kəskin artımları Azərbaycan investorları üçün hansı gözləntilər yaradır?

– Birincisi, volatillik riski ön plandadır. Bitkoin qiyməti sürətlə yüksəldiyi kimi, eyni templə enə də bilər. Bu səbəbdən, yüksək qiymət dalğalanmaları investorların qısa müddətdə ciddi itkilərlə üzləşməsinə yol aça bilər. İkincisi, emosional qərarların riski mövcuddur. Qiymət artımı fonunda çoxları “qazancı qaçırma qorxusu” (FOMO) ilə bazara tələsik daxil olur. Lakin bu zaman düzgün analiz edilməmiş qərarlar ciddi maliyyə zərərlərinə gətirib çıxara bilər. Üçüncüsü, ölkəmizdə kriptovalyutaların tənzimlənmə çərçivəsinin olmaması əlavə risk yaradır.

İnvestorlar hüquqi təminat olmadan fəaliyyət göstərdikləri üçün bazarda baş verən kiberhücum, fırıldaqçılıq və ya texniki problemlərdə vəsaitlərini qorumaq çətindir. Azərbaycan bazarında kripto savadlılığı nisbətən aşağı olduğundan emosional qərarlar daha tez-tez müşahidə olunur.

– Bu qiymət dalğalanmaları ölkəmizdə rəsmi olaraq kriptovalyutanın tənzimlənməsinə necə təsir göstərir?

– Bitkoin və digər kriptovalyutaların qiymətində baş verən kəskin dalğalanmalar təkcə investorların psixologiyasına deyil, həm də Azərbaycanda bu bazarın gələcək tənzimlənməsi prosesinə birbaşa təsir göstərir. Birincisi, bu dalğalanmalar hökumət və maliyyə qurumlarının diqqətini artırır. Çünki qiymət dəyişkənliyi investorların böyük risklərlə üzləşdiyini göstərir və bu da dövlətin istehlakçıların hüquqlarını qorumaq üçün addımlar atmasına stimul verir. İkincisi, qiymət enişləri və artımları fonunda ictimai maraq yüksəldikcə, bazarda qeyri-rəsmi fəaliyyətlər çoxalır. Bu isə vergi, maliyyə şəffaflığı və pul yuyulması riskləri ilə bağlı narahatlıqları gücləndirir və dövlət qurumlarını hüquqi mexanizmləri sürətləndirməyə vadar edir. Üçüncüsü, kəskin dalğalanmalar maliyyə sabitliyi ilə bağlı risklər doğurur.

Azərbaycan bank sistemi hələ kripto ilə birbaşa inteqrasiya olunmayıb, lakin investorların kütləvi itkiləri və ya qazanc əldə etməsi maliyyə axınlarına təsir göstərə bilər. Bu isə Mərkəzi Bank və Maliyyə Monitorinq Xidmətinin kriptovalyutalara nəzarət mexanizmlərini gündəmə gətirir. Nəticə etibarı ilə, bu qiymət dəyişkənliyi tənzimləyicilərə həm də müsbət siqnal verir: bazarın real potensialı var və genişlənir. Bu, hökuməti beynəlxalq təcrübəni öyrənərək daha balanslı – həm investorları qoruyan, həm də innovasiyanı boğmayan – qanunvericilik çərçivəsi üzərində işləməyə təşviq edir.

– “m10” tətbiqinin “Binance” platformasına qoşulması Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinin sürətlənməsinə gətirib çıxara bilərmi?

– “m10” mobil tətbiqinin “Binance” ilə inteqrasiyası Azərbaycanda kriptovalyutaların leqallaşdırılması prosesinə əhəmiyyətli təsir göstərəcək. İlk növbədə, bu addım Azərbaycan Mərkəzi Bankının nəzarətində həyata keçirilən “regulatory sandbox” rejimi çərçivəsində sınaqdan keçirilib və uğurlu nəticələr göstərib. Bu isə dövlət qurumlarının kriptovalyuta bazarına münasibətdə artıq real mexanizmlər üzərində işlədiyini və şəffaf qanuni çərçivənin qurulmasına maraqlı olduğunu nümayiş etdirir. Bu qovuşmanın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər artıq AZN ilə birbaşa “Binance” üzərindən əməliyyatlar apara bilirlər. Bu, həm milli valyutanın rəqəmsal maliyyə ekosisteminə inteqrasiyasını gücləndirir, həm də vətəndaşların kriptovalyutalara daha təhlükəsiz və rahat çıxışını təmin edir.

Eyni zamanda, “m10”–“Binance” əməkdaşlığı Azərbaycanda digər bank və “fintech” qurumları üçün nümunəvi model rolunu oynaya bilər. Bu, həm dövlətə, həm də bazar iştirakçılarına göstərir ki, kriptovalyuta əməliyyatlarını rəsmi, tənzimlənən və təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. Beləliklə, bu inteqrasiya yalnız texnoloji yenilik deyil, həm də kriptovalyutaların rəsmi tanınması və tənzimlənməsi prosesini sürətləndirən mühüm addım kimi qiymətləndirilə bilər. Bu model tətbiq olunsa, gələcəkdə digər banklar üçün də rəqabət formalaşacaq və rəqəmsal maliyyə xidmətlərinin spektri genişlənəcək.

– Azərbaycanda yerli mübadilə servislərinin istifadəyə verilməsi kriptovalyuta bazarına olan inamı artıra bilərmi?

– Azərbaycanda yerli kriptovalyuta mübadilə servislərinin istifadəyə verilməsi bazara olan inamın artmasına mühüm töhfə verə bilər. İlk növbədə, belə servislər dövlətin nəzarəti və milli qanunvericilik çərçivəsində fəaliyyət göstərəcəyi üçün istifadəçilər üçün əlavə etibarlılıq yaradacaq. Bu, vətəndaşların xarici platformalardan asılılığını azaldacaq və əməliyyatların daha şəffaf aparılmasına imkan verəcək. İkincisi, yerli mübadilə servisləri vasitəsilə kriptovalyuta əməliyyatlarını birbaşa milli valyuta – manatla aparmaq mümkün olacaq. Bu, həm konvertasiya xərclərini azaldacaq, həm də istifadəçilər üçün əməliyyat prosesini sadələşdirəcək. Üçüncüsü, yerli platformaların istifadəyə verilməsi fırıldaqçılıq risklərini azaldacaq, çünki vəsaitlərin ölkə daxilində saxlanılması və dövlətin nəzarəti bazar iştirakçılarına daha güclü hüquqi təminat verəcək.

Nəhayət, belə bir addım yeni investorların bazara qoşulmasına şərait yaradacaq və ölkədə kripto ekosisteminin genişlənməsini sürətləndirəcək. Beləliklə, yerli mübadilə servislərinin istifadəyə verilməsi Azərbaycanda kriptovalyuta bazarına inamı artırmaqla yanaşı, həm də onun rəsmi inkişafı üçün təkanverici rol oynaya bilər.

– Kriptovalyuta sektoru üzrə savadsızlıq Azərbaycanın bazarındakı riskləri artırırmı?

– Bəli, əsas problemlərdən biri rəqəmsal aktivlər üzrə maliyyə savadlılığının aşağı olmasıdır. Bir çox investorlar rəqəmsal valyutaların texniki prinsiplərini, bazar strukturunu və risk idarəetməsini bilmədən investisiya edir. Belə investorların böyük hissəsi hələ də kriptovalyutaları lotereya kimi qəbul edir. Bu, xüsusilə yüksək volatillik dövrlərində ciddi maliyyə itkilərinə gətirib çıxarır.

Kriptovalyuta bazarında ən böyük problem emosional alış və panik satışdır. Əgər maarifləndirmə tədbirləri, akademik təlimlər və akkreditə olunmuş konsaltinq xidmətləri genişlənsə, həm fərdi investorların, həm də ümumilikdə bazarın risk profili xeyli azalacaq. İnkişaf etmiş ölkələrdə bu sahənin böyüməsini məhz maarifləndirmə təmin edib.

– Kriptovalyutadan gəlir əldə edənlərin vergisini hesablamaq və izləmək praktikada hansı çətinliklər yaradır?

– Kriptovalyutadan gəlir əldə edənlərin vergisini hesablamaq və izləmək praktikada bir neçə çətinliklərlə üzləşir. Əsas səbəb əməliyyatların blokçeyn üzərində anonim və mərkəzsiz aparılmasıdır, hər əməliyyat minlərlə node tərəfindən təsdiqlənir, amma istifadəçilərin kimliyi birbaşa görünmür. Bundan əlavə, kripto-aktivlərin birjalar arasında tez-tez köçürülməsi və müxtəlif tokenlərin mövcudluğu hesablama prosesini çətinləşdirir.

Hazırda Azərbaycanda əməliyyatların izlənməsi üçün hüquqi və texnoloji mexanizm yoxdur, buna görə də vergi ödəməsi faktiki olaraq könüllülük prinsipi əsasında həyata keçirilir. Ölkəmizdə texnoloji infrastruktur formalaşdırılarsa, həm dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması, həm də investorların daha etibarlı mühitdə fəaliyyət göstərməsi təmin edilə bilər. Effektiv nəzarət üçün lisenziyalaşdırılmış birjalar, bank nəzarəti və blockchain-analiz alətləri kimi vasitələrin tətbiqi vacibdir.

– Kriptovalyuta əməliyyatları üçün xüsusi vergi qaydaları hazırlanmalıdırmı, yoxsa mövcud normalar kifayətdir?

– Kriptovalyuta əməliyyatları üçün ayrıca, xüsusi vergi qaydalarının hazırlanması daha məqsədəuyğundur. Mövcud qaydalar müəyyən dərəcədə kifayət etsə də, sahəyə uyğunlaşan xüsusi tənzimləmə həm vergi intizamını artırar, həm də investorlar üçün daha etibarlı və şəffaf mühit yaradar. Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə kriptovalyutalara investisiya edən fiziki şəxslərin davranışına müsbət təsir göstərəcək. Əgər mexanizmlər sərt və investor üçün əlavə yük yaradan formada həyata keçirilərsə, qısa müddətdə bəzi vətəndaşların fəaliyyətini dayandırması və ya əməliyyatlarını xarici platformalara yönəltməsi mümkündür.

Lakin beynəlxalq təcrübə göstərir ki, şəffaf hüquqi baza və balanslaşdırılmış vergi siyasəti tətbiq olunduqda, bu, əksinə, bazarı legitimləşdirir və daha çox investoru cəlb edir. Azərbaycanda da əsas məqsəd sərmayədarları cəzalandırmaq deyil, onları qanuni çərçivəyə gətirmək, həmçinin dövlət büdcəsinə əlavə vəsait təmin etməkdir. Əgər islahatlar mərhələli, ədalətli və aydın qaydalar əsasında həyata keçirilərsə, uzunmüddətli mövqedə ölkəmizdə kriptovalyuta bazarının inkişafını müşahidə edəcəyik.

– Kriptovalyutalara marağın artdığı bir zamanda Azərbaycanda bu fəaliyyətlə gəlir əldə edənlər vergi prosesinə cəlb edilməlidirlərmi ?

– Hazırda Azərbaycanda kriptovalyutalara maraq və istifadəçi sayı sürətlə artır. Bu sahədə gəlir əldə edənlərin vergiyə cəlb olunması Vergi Məcəlləsində nəzərdə tutulsa da, əməliyyatların izlənməsi üçün xüsusi mexanizmlər olmadığına görə proses faktiki olaraq yalnız könüllülük prinsipi əsasında mümkündür. Dünyanın heç bir ölkəsində bu sahədə tam şəffaf izləmə aləti mövcud deyil. Lakin lisenziyalaşdırılmış birjalar, bank nəzarəti və blockchain-analiz vasitələri tətbiq olunduqda əməliyyatların böyük hissəsini real şəkildə izləmək mümkündür.

Azərbaycanda da bu istiqamətdə hüquqi baza və texnoloji infrastruktur formalaşdırılarsa, həm dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması, həm də investorların daha etibarlı mühitdə fəaliyyət göstərmələri təmin edilə bilər.

– Vergi islahatlarının tətbiqi ölkə daxilində bu istiqamətdə yatırım edən fiziki şəxslərin azalmasına səbəb olacaqmı?

– Vergi islahatlarının tətbiqi, təbii ki, kriptovalyutaya investisiya edən fiziki şəxslərin davranışına təsir göstərə bilər. Əgər mexanizmlər sərt və investor üçün əlavə yük yaradan formada həyata keçirilərsə, qısa müddətdə bəzi vətəndaşların fəaliyyətini dayandırması və ya əməliyyatlarını xarici platformalara yönəltməsi mümkündür. Lakin beynəlxalq təcrübə göstərir ki, şəffaf hüquqi baza və balanslaşdırılmış vergi siyasəti tətbiq olunduqda bu, əksinə, bazarı legitimləşdirir və daha çox investoru cəlb edir.

Azərbaycanda əsas məqsəd investorları cəzalandırmaq deyil, onları qanuni fəaliyyət çərçivəsinə gətirməkdir. Əgər islahatlar mərhələli, ədalətli və aydın qaydalar əsasında həyata keçirilərsə, kriptovalyuta bazarının inkişafına mənfi deyil, müsbət təsir göstərəcək. Əslində, hüquqi çərçivənin olmaması həm dövlət, həm də investor üçün əsas riskdir.

– Azərbaycanda blokçeyn texnologiyasının dövlət səviyyəsində tətbiqi mümkündürmü?

– Bu, artıq potensialdan çıxıb real gündəmə çevrilib. Çünki vergi inzibatçılığı, gömrük nəzarəti, daşınmaz əmlak reyestrləri və tender prosesləri kimi sahələr blokçeynin təklif etdiyi şəffaflıqdan ciddi şəkildə faydalana bilər. Dövlət qurumları rəqəmsal modernizasiya istiqamətində addımlar atdıqca kriptovalyutadan kənar blokçeyn tətbiqləri daha sürətli inteqrasiya olunacaq. Bu proses tənzimləmə bazasının formalaşması ilə paralel şəkildə baş verəcək.

Müsahibəni qələmə aldı:
Nurlan ABDALOV
XQ

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr