Akif Nağı: “Həm dünyaya meydan oxuması, həm də İrana güc göstərməsidir”
Qərbə bağlı sosial şəbəkələrinin çoxunda, xüsusən də YouTub-da və Feysbukda ABŞ-ın hərbi donanmasının, təyyarədaşıyan gəmilərinin,B-2 bomba təyyarələrinin geniş reklamı gedir. Yəni o alqoritmlər iki dəqiqədən bir seyirçinin qarşısına çıxır. Bu da istər-istəməz tamaşaçılarda suallar yaradır. Bu hərb nümayişi nə üçündür? İranı qorxutmaq üçündür, ya bütün dünyaya meydan oxumaqdır? Bu sosial şəbəkələr kim tərəfindən idarə olunduğunu bilirik. Sözsüz bu platformaların bütövlükdə Qərbin əlindəolduğu sirr deyil.
“Bu həm də ABŞ-ın bir mesajıdır ki...”
Məsələyə münasibət bildirən Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, hazırda sosial şəbəkə platformaları dövlətlərin həm də öz hərbi güclərini nümayiş etdirməsi üçün istifadə olunur.
“Bu gün sosial şəbəkələr də bir mübarizə meydanıdır. ABŞ hərbi texnikasını sosial şəbəkələr vasitəsi göstərməklə güc nümayiş etdirir. İran öz imkanları daxilində təbliğat aparmağa çalışır, guya böyük imkanları var, müqavimət göstərəcəklər, olan, olmayan silahlarını nümayiş etdirirlər. Sosial şəbəkələrin imkanlarından bu şəkildə istifadə olunur. Düşünürəm ki, sosial şəbəkələr dünyada o qədər də müsbət rol oynamır. Bu yolla gərək olmayan məsələlər gündəmə gətirilir, xüsusən də hərbi gücün, hərbi texnikanın, silahın nümayişi həyata keçirilir. Sosial şəbəkələr dövlətlərinin hərbi gücünün reklam edilməsinə geniş imkanlar açır”.
A.Nağı hesab edir ki, ABŞ sosial şəbəkələr vasitəsilə öz hərbi arsenalını nümayiş etdirməklə dünyaya meydan oxuyur.
İran-ABŞ müharibəsinin bölgə üçün yaxşı heç nə vəd etmədiyini deyən A.nağı vurğuladı ki, bu təbliğat Trampın populist siyasətinin göstəricilərindədir. “Tramp bu yolla öz gücünü nümayiş etdirir. ABŞ-ın sosial şəbəkələr üzərindən həyata keçirdiyi bu nümayiş həm onun dünyaya meydan oxuması, həm də İrana güc göstərməsidir. İrana güc göstərir ki, Amerikanın tələb və şərtləri ilə razılaşsın. Bu həm də ABŞ-ın bir mesajıdır ki, İran onun şərtləri ilə razılaşmasa Tramp bu hərbi texnikaları hərəkətə gətirəcək. Bu ABŞ-ın güc vasitəsilə İranın öz nüvə proqramından əl çəkməyə məcbur eməyə yönəlmiş bir addımdır”-deyə A.Nağı bildirdi.
İradə SARIYEVA