AZ

Qalib Azərbaycana doğru!

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın inkişaf konsepsiyasıdır

1991-ci il fevralın 5-də “Azərbaycan Respublikası” adı bərpa edilib, üçrəngli bayrağımız qəbul olunub

XX əsr Azərbaycan xalqının taleyində həm böyük faciələrin, həm də misilsiz tarixi dönüşlərin yaşandığı mürəkkəb bir mərhələ kimi yadda qalıb. Bu əsrdə Azərbaycan xalqı 2 dəfə müstəqil dövlət qurmaq iradəsini ortaya qoyub, lakin hər iki halda ağır sınaqlarla üz-üzə qalıb. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmaqla yanaşı, milli dövlətçilik tariximizin zirvəsi idi. Lakin bu müstəqillik cəmi 23 ay davam etdi. 1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Cümhuriyyət süqut etdi və Azərbaycan Sovet imperiyasının tərkibinə qatıldı.

Növbəti 70 il ərzində Azərbaycan formal olaraq ittifaq respublikası statusu daşısa da, suveren qərarvermə imkanlarından məhrum edilmişdi. Buna baxmayaraq, 1960-cı illərin sonundan başlayaraq milli iradə, milli kimlik anlayışları yenidən xalqımızın ruhuna hopmağa başladı - Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərliyi dövründə ölkədə yeni bir dövr başladı. Bu dövrdə azadlıq və dövlətçilik ideyaları xalqın yaddaşında bərpa olundu. Həmin dövrdə mərkəzdən edilən ideoloji basqılar, təzyiqlər belə bu ruhu məhv edə bilmədi. Əksinə, bu dövr milli özünüdərk prosesinin dərinləşməsinə, azadlıq arzularının daha da möhkəmlənməsinə zəmin yaratdı. Məhz buradan başlanan yol XX əsrin sonlarına doğru Sovet İttifaqının siyasi və iqtisadi böhranı fonunda Azərbaycan xalqının yenidən tarixi fürsət qarşısında hazır olmasını təmin etdi.

Qanla yazılan tarix...

İkinci dəfə əldə etdiyimiz müstəqillik yolu asan olmadı - qanla, faciələrlə, itkilərlə müşayiət olundu. Lakin xalq öz iradəsindən geri çəkilmədi. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi və bununla da tarixdə ikinci dəfə müstəqil dövlət qurdu. Məhz bu müstəqillik yolunun ilk və ən çətin mərhələləri müasir Azərbaycan dövlətçiliyinin təməlini formalaşdırdı.

XX əsrin son onilliyi dünya tarixində böyük geosiyasi dəyişikliklərlə yadda qaldı. Sovet İttifaqı artıq əvvəlki gücünü itirmiş, ittifaq sürətlə dağılmağa doğru yol almışdı. 15 ittifaq respublikasında müstəqillik ideyaları açıq şəkildə səslənməyə başlayır, milli hərəkatlar geniş vüsət alırdı. Azərbaycan da bu proseslərin fəal iştirakçılarından biri idi. Xalq illərlə boğulmuş azadlıq istəyini açıq şəkildə ifadə edir, suverenlik tələbi irəli sürürdü. Lakin imperiya bu iradəni sülh yolu ilə qəbul etmək niyyətində deyildi. 1990-cı il yanvarın 20-də sovet rəhbərliyi Azərbaycan xalqının azadlıq ruhunu sındırmaq üçün ən qəddar üsula əl atdı. Bakıya yeridilən sovet ordusu dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdi. Qadınlar, uşaqlar, yaşlı insanlar gülləbaran edildi. 20 Yanvar faciəsi təkcə hərbi cinayət deyil, həm də bir xalqın iradəsinə qarşı törədilmiş siyasi terror aktı idi. Bu qanlı hadisə Azərbaycan xalqını qorxutmadı, əksinə, müstəqillik əzmini daha da möhkəmləndirdi. Şəhidlərin qanı azadlıq mübarizəsinin simvoluna çevrildi. Artıq aydın idi ki, Azərbaycan üçün geriyə dönüş yoxdur. 20 Yanvar faciəsi Sovet imperiyasının əsl simasını açdı və xalqın müstəqil dövlət qurmaq qərarını qətiyyətlə formalaşdırdı. Bu hadisə müstəqillik yolunun ağır, lakin qaçılmaz olduğunu göstərən tarixi dönüş nöqtəsi oldu.

Dövlətimizin adının bərpası...

1991-ci ilin əvvəlində Azərbaycanda müstəqillik istiqamətində mühüm siyasi addımlar atılmağa başlandı. Fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı. Bu qərar formal görünsə də, əslində dərin siyasi və ideoloji məna daşıyırdı. Bu, sovet dövlətçiliyindən imtina edərək milli dövlətçilik ənənələrinə qayıdışın rəsmi ifadəsi idi.

Bu addımdan əvvəl isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası öz tarixi mövqeyini ortaya qoymuşdu. 1990-cı ildə Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul edilmişdi. Bununla da Naxçıvan Sovet İttifaqından ayrılmaq barədə siyasi iradə nümayiş etdirən ilk respublika olmuşdu. Bu cəsarətli qərar ümummilli müstəqillik prosesinə güclü stimul verdi.

Azərbaycan Respublikasının adının bərpası xalqın tarixi yaddaşına, dövlətçilik ənənələrinə qayıdışı idi. Bu qərar müstəqillik aktının hüquqi və siyasi bazasının formalaşmasında mühüm rol oynadı. Ardınca qəbul edilən sənədlər, atılan addımlar artıq Azərbaycanın suveren dövlət kimi mövcudluğunu reallaşdırmağa yönəlmişdi. Dövlət adının dəyişdirilməsi müstəqillik yolunda inamlı və geri dönüşü olmayan bir mərhələ kimi tarixə düşdü.

Heydər Əliyevin təşəbbüsü ilə...

1991-ci il fevralın 5-də qəbul edilən daha bir mühüm qərar Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi təsdiq olunması idi. Bu hadisə təkcə yeni bir rəmzin qəbul edilməsi deyildi. Bu, 1918-1920-ci illərdə yarımçıq qalmış dövlətçilik tarixinin davamı, Cümhuriyyət ideallarına sadiqliyin rəsmi təsdiqi idi.

Bu tarixi qərarın da əsası hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında qoyulmuşdu. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” qərar qəbul edilmişdi. Həmin qərarın üçüncü bəndində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bütövlükdə Azərbaycanın dövlət rəmzi kimi təsis edilməsi təşəbbüsü irəli sürülmüşdü.

Bu addım Heydər Əliyevin uzaqgörən siyasi baxışının və milli dövlətçilik konsepsiyasının bariz nümunəsi idi. Bayrağın bərpası milli birliyin, tarixi varisliyin və müstəqil gələcəyə inamın rəmzinə çevrildi. Azərbaycan xalqı bu bayraq altında həm müstəqilliyini möhkəmləndirdi, həm də gələcək qələbələrin təməlini qoydu. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyib: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

35 illik müstəqillik yolu...

Bu gün müstəqil və qalib Azərbaycan ötən 35 il ərzində çətin, lakin şərəfli inkişaf yolu keçib. Vaxtilə işğala məruz qalan, torpaqları tapdaq altında olan Azərbaycan bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib dövlətdir. Regional liderə, qlobal miqyasda söz sahibi olan aktora çevrilmiş Azərbaycan müstəqilliyin real məzmununu dünyaya nümayiş etdirir.

Bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Prezident İlham Əliyevin bu siyasəti müasir çağırışlara uyğun şəkildə davam etdirməsi Azərbaycanın inkişaf prioritetlərini düzgün müəyyənləşdirməsinə, qlobal inteqrasiyanı milli maraqlar çərçivəsində qurmasına imkan verib. Güclü dövlət, güclü ordu, müstəqil xarici siyasət və iqtisadi dayanıqlıq Azərbaycanın əsas üstünlüklərinə çevrilib.

Müstəqillik artıq təkcə siyasi status deyil, real güc və imkanlar sistemidir. Azərbaycan bu gün öz tarixi məsuliyyətini dərk edən, gələcəyə inamla baxan, qalib xalqın dövlətidir. Bu yolun başlanğıcı isə XX əsrin sonunda atılan cəsarətli, qanla yazılmış, lakin şərəfli addımlardan keçir.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
yeniazerbaycan.com

2Mənbələr