AZ

Əbu-Dabidən dünyaya sülh mesajı

Yazını böyüt
Yazını kiçilt

Bu mükafat münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb, birgə hərbi təlimləri izləyib. Həmçinin Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla da müzakirələri reallaşıb. Dövlət başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim edilib.

Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşündə Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib.

Fevralın 3-də Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

Yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Prezident İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşüb.

Tərəflər ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıblar. Onlar Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

Tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər. Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər. Tərəflər ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Onlar, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərini alqışlayıb və etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan TRIPP və digər bağlantı layihələrinin həyata keçirilməsini müzakirə ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləyib, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Dövlət başçısının BƏƏ səfəri bir neçə məqamı ilə xüsusilə diqqət çəkir. Bu məqamların hər biri ekspertlər tərəfindən geniş təhlil edilməkdədir. 

Deputat Aydın Mirzəzadə ilk növbədə, mükafatın dünyada sülhü, qlobal nizamı, eləcə də xeyriyyəçiliyi, dözümlülüyü, dürüstlüyü təşviq edən insanlara, bu istiqamətlərdə xüsusi rol oynayan ictimai-siyasi xadimlərə verildiyinə diqqət çəkib.

A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu və beynəlxalq miqyasda yüksək dəyərə malik mükafatına layiq görülməsi, ilk növbədə, onun dünya siyasi arenasında qazandığı böyük hörmətin, etimadın və liderlik nüfuzunun bariz göstəricisidir. O, hesab edir ki, bu mükafat təkcə bir şəxsə deyil, bütövlükdə Azərbaycan dövlətinə və xalqına verilən qiymət kimi qəbul olunmalıdır.

“Prezidentin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət kursu yalnız Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ölkəmizin sosial-iqtisadi inkişafına və milli maraqlarının qorunmasına xidmət etmir, eyni zamanda regionda sülhün, sabitliyin və əmin-amanlığın təmin olunmasına mühüm töhfələr verir. Onun uzaqgörən və praqmatik siyasəti əməkdaşlıq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanaraq beynəlxalq münasibətlərdə yeni bir model formalaşdırır.

Cənab Prezidentin fəaliyyəti, xüsusilə Şərq və müsəlman dünyasında həmrəyliyin güclənməsinə, dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasına, mövcud problemlərin dialoq və qarşılıqlı anlaşma yolu ilə həllinə xidmət edir. Bu baxımdan Azərbaycan artıq bir çox ölkələr üçün sabitlik, inkişaf və müstəqil siyasət nümunəsinə çevrilmişdir”, – A.Mirzəzadə deyib.

Deputat bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən səfər də iki dost və qardaş ölkə arasında mövcud olan möhkəm əlaqələrin daha da dərinləşdirilməsinə, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar açır. Onun fikrincə, bu görüşlər və müzakirələr tərəfdaşlığın gələcək perspektivlərini müəyyənləşdirir, birgə layihələrin həyata keçirilməsinə təkan verir.

“Təqdim olunan bu mükafat, əslində, iki dövlət arasındakı sarsılmaz dostluğun, qarşılıqlı ehtiramın və strateji tərəfdaşlığın rəmzinə çevrilərək münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.Bu hadisə eyni zamanda sübut edir ki, düşünülmüş, ardıcıl və məqsədyönlü siyasət beynəlxalq aləmdə böyük uğurların əldə olunmasına aparan ən doğru yoldur”, A.Mirzəzadə deyib.

Tahirə Qafarlı

Seçilən
15
hafta.az

1Mənbələr