AZ

Sülh müqaviləsi niyə imzalanmır? Bakı tələsmir, İrəvan isə...

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Fevral ayının 4-də keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan dünyaya sülh mesajı veriblər: Biz sülh şəraitində yaşamağı öyrənirik və münaqişə dövrünü geridə qoymuşuq. 

Görünən odur ki, tərəflər sülh müqaviləsini imzalamağa çox yaxındır. 

İlham Əliyev və Paşinyanın eyni vaxtda sülhdən danışması təsadüfi deyil. Hər iki lider göstərir ki, sülhə alternativ yoxdur.

Bəs niyə hələ yekun razılaşma hələ əldə edilməyib?

Məsələ razılaşmanın siyasi vaxtı və forması ilə bağlıdır. Tərəflər prinsipial olaraq bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, sülh müqaviləsi təkcə niyyət sənədi deyil. O, gələcək riskləri bağlayan hüquqi və siyasi mexanizm olmalıdır. Hazırda isə bu mexanizm tam bağlanmayıb.

2020 və 2023-cü ildən sonra hərbi münaqişə de-fakto bitsə də, post-münaqişə gündəliyi hələ tamamlanmayıb. Sərhədlərin tam delimitasiya və demarkasiyası yoxdur, kommunikasiya xətləri açılmayıb, hüquqi-siyasi iddialar tam aradan qaldırılmayıb və s...

Azərbaycan üçün sülh müqaviləsi müharibənin geri dönməz bağlanışı deməkdir. Buna görə də rəsmi Bakı riskli və qeyri-müəyyən detallarla sənəd imzalamaq istəmir.

Sülh müqaviləsinə xarici aktorların təsiri 

Rusiya, Aİ və ABŞ sülhü dəstəkləsə də, hər biri prosesdə öz təsirini qorumağa çalışır. Ermənistan bu təsirlər arasında manevr edir. Azərbaycan isə prosesin ikitərəfli və regional əsasda bağlanmasını üstün tutur. Bu maraqların üst-üstə düşməməsi prosesi ləngidir.

Regionda ABŞ, Rusiya və Avropa İttifaqından əlavə Türkiyə və İran kimi aktorların da təsiri var. Xarici güclər öz maraqları daxilində prosesə təsir göstərir, bu da bəzi hallarda qarşılıqlı etimadı azaltmış olur.

Daha bir məqam Ermənistanın daxili siyasi zəifliyidir. Paşinyan hökuməti paradoksal vəziyyətdədir. İrəvan beynəlxalq müstəvidə sülhə hazır görünsə də, daxildə revanşist müxalifət, kilsə və köhnə elita tərəfindən ciddi təzyiq altındadır. Buna görə Ermənistan sülhə "hə" deyir, amma onu daxildə legitimləşdirə biləcək siyasi kapitalı hələ tam formalaşdıra bilmir.

Paşinyan üçün sülh müqaviləsi geosiyasi seçimdir, amma bu seçim seçkilərsiz və konstitusion dəyişikliklərsiz risklidir.

Azərbaycanın əsas narahatlığı ondadır ki, Ermənistan Konstitusiyasında və bəzi hüquqi sənədlərdə Qarabağa dolayı yolla iddialar qalır. Bu, gələcəkdə hüquqi və siyasi revizionizm üçün zəmin yarada bilər. Qarşı tərəf isə konstitusiyanın yeni mətninin yaxın zamanda hazır olacağını nazirlik səviyyəsində açıqlayıb. 

Bakı baxımından sülh müqaviləsi yalnız bu iddialar institusional səviyyədə aradan qalxdıqdan sonra məntiqlidir. Ona görə də Ermənistandakı seçkiləri gözləyir. 

Seçkilərdən sonra Paşinyan qalib gəlsə və ya siyasi mövqeyini gücləndirsə, konstitusion dəyişikliklər üçün mandat əldə etsə, yalnız onda sülh müqaviləsi real gündəmə çevrilə bilər.

Əks halda, zəif hökumət sülhü imzalasa belə, bu sənəd Ermənistanda uzunömürlü olmayacaq. Azərbaycan isə məhz dayanıqlı sülh istəyir, taktiki deyil.

Beləliklə, Azərbaycan güclü mövqedə olduğu üçün tələsmir. Ermənistan isə zəif mövqedə olduğu üçün tam qərar verə bilmir.

Sülh müqaviləsi çox güman ki, Ermənistan daxilində siyasi konsolidasiya, hüquqi iddiaların aradan qaldırılması və sərhəd məsələlərində irəliləyişdən sonra mümkün olacaq.

Bu baş verənə qədər sülh ritorikası davam edəcək, amma imzalanma prosesi hələlik strateji pauzadadır.

Lakin hər şey yolunda gedərsə, sülh müqaviləsinin 2026-cı ilin ortalarından sonra imzalanması real perspektiv kimi nəzərdə tutulur.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
unikal.az

1Mənbələr