"Real"ın bir sıra futbolçuları yeni baş məşqçi Alvaro Arbeloanın verdiyi qərarlardan narazıdır.
Publika.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.
Son günlər Arbeloanın bəzi seçimləri komanda daxilində təəccüb doğurub. İlk hal "Benfika" ilə Lissabondakı oyunda yaşanıb. Komanda daxilində Dani Sebalyosun bir dəqiqə belə meydançaya buraxılmaması suallar yaradıb, halbuki üstünlük Xorxe Sesteroya verilib. Futbolçular bu narazılığı məşqçiyə çatdırıblar.
İkinci epizod artıq "Santyaqo Bernabeu"da baş verib və Arbeloanın mətbuat konfransına gecikməsinə səbəb olub. "Rayo Valyekano" ilə matçdan sonra paltardəyişmə otağında uzun və gərgin söhbət yaşanıb, bəzi futbolçularla baş məşqçi arasında texniki və taktiki fikir ayrılıqları ortaya çıxıb.
Bütün bunların fonunda "Real"ın paltardəyişmə otağındakı ab-hava Arbeloanın bəzi qərarları ilə razılaşmamaq və taktiki planda heç bir yeniliyin olmaması arasında dəyişir. Bəzi oyunçular məşqçi dəyişikliyindən sonra daha çox şey gözləyirdilər. Onlar özlərini hələ də "Kastilya"nın baş məşqçisinin rəhbərliyi altında oynayırmış kimi hiss edirlər.