AZ

Azərbaycan qlobal dəyərlərin daşıyıcısıdır ŞƏRH

Bakı, 5 fevral, AZƏRTAC

Bəzən bir səfər təkcə diplomatik hadisə deyil, həm də bəşəri dəyərlərin təntənəsinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri və paytaxt Əbu-Dabi şəhərində nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi məhz belə tarixi məqamlardan biridir. Bu mükafat yalnız bir liderə təqdim olunan ali təltif deyil, eləcə də sülhün, humanizmin, tolerantlığın və insan ləyaqətinə hörmətin beynəlxalq miqyasda təntənəsidir. Dövlətimizin başçısının bu ali mükafata layiq görülməsi Azərbaycan dövlətinin və xalqının əsrlər boyu formalaşmış multikultural həyat tərzinin, müxtəlif dinlərin və mədəniyyətlərin harmonik birgəyaşayış modelinin dünyaya təqdim olunması deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycan tarixən sivilizasiyaların qovuşuğunda yerləşən, fərqlilikləri qarşıdurma deyil, zənginlik kimi qəbul edən bir ölkə olub. Bu gün isə həmin dəyərlər Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının qorunması Azərbaycanda yalnız konstitusion norma deyil, eyni zamanda, mənəvi həyat fəlsəfəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın humanist ideallarını yaşadan, dünyada sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən ali bir beynəlxalq platformadır. Bu mükafatın Azərbaycan Prezidentinə təqdim edilməsi məhz ölkəmizin qlobal sülh gündəliyində tutduğu mövqenin, beynəlxalq etimadın və yüksək nüfuzun parlaq göstəricisidir.

S.Novruzov qeyd edib ki, Əbu-Dabidə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, insan qardaşlığı ideyası onun siyasətinin mərkəzində dayanır.

“Bu səfər, eyni zamanda, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Yüksək səviyyəli görüşlər, səmimi dialoq və qarşılıqlı etimada əsaslanan müzakirələr iki ölkə arasında enerji, iqtisadiyyat, yaşıl inkişaf, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik yaratdı. Azərbaycan və BƏƏ beynəlxalq platformalarda da, xüsusilə qlobal iqlim gündəliyi çərçivəsində sıx və məqsədyönlü əməkdaşlıq nümayiş etdirir. Hər iki ölkənin “COP Troykası”nın üzvləri sırasında yer alması, COP28-in Birləşmiş Ərəb Əmirliklərində, COP29-un isə Azərbaycanda keçirilməsi tərəflərin qlobal iqlim problemlərinin həllinə birgə və məsuliyyətli yanaşmasının bariz ifadəsidir. Bu fakt göstərir ki, Bakı və Əbu-Dabi yalnız regional deyil, qlobal miqyasda da məsuliyyətli tərəfdaşlar kimi çıxış edir. Bununla yanaşı, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri strateji coğrafi mövqeləri, zəngin enerji resursları və balanslaşdırılmış xarici siyasət kursları ilə oxşar inkişaf modelinə malik dövlətlərdir. Hər iki ölkə beynəlxalq münasibətlər sistemində etibarlı, praqmatik və dialoqa açıq mövqeyi ilə seçilir, eyni zamanda, qlobal proseslərin tənzimlənməsində neytral və etibarlı platforma kimi qəbul olunur”, - deyə komitə sədri diqqətə çatdırıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sülhə və sabitliyə xidmət edən liderliyi təkcə qlobal müstəvidə deyil, regionumuzda da real və ölçülə bilən nəticələr verməkdədir. Ötən il “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması ölkəmizin qətiyyətli və məsuliyyətli siyasətinin növbəti təzahürü oldu. Bu, eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması üçün möhkəm zəmin yaratdı. Tarixi əhəmiyyət daşıyan bu sənəd dövlətimizin başçısının uzaqgörən, prinsipial diplomatik təşəbbüslərinin və regionda sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl mövqeyinin bariz göstəricisi kimi dəyərləndirilir.

“Prezident İlham Əliyevin Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nı qəbul etməsi təkcə bir siyasi liderin uğuru deyil, bu, Azərbaycanın sülhə, humanizmə və bəşəri həmrəyliyə verdiyi töhfənin beynəlxalq səviyyədə tanınmasıdır. Bu hadisə bir daha təsdiqləyir ki, Azərbaycan bu gün yalnız regional güc deyil, eyni zamanda, qlobal dəyərlərin daşıyıcısı və təşviqçisidir. İnsan qardaşlığına xidmət edən bu liderlik nümunəsi Azərbaycan xalqının mənəvi gücünü, tolerant düşüncəsini və gələcəyə inamını dünyaya bir daha nümayiş etdirdi”, - deyə deputat vurğulayıb.

Seçilən
15
1
azertag.az

2Mənbələr