AZ

Ötən il Türkiyəyə 64 milyon turist gedib

Türkiyə 2025-ci il üzrə turizm nəticələrini açıqlayıb və bu göstəricilər ölkə tarixində rekord kimi qeydə alınıb. Belə ki, ötən il Türkiyə 64 milyon turist qəbul edib, turizm gəlirləri isə 65 milyard 231 milyon ABŞ dollarına çatıb.

Adalet.az-ın məlumatına görə, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, əldə olunan nəticələr ölkənin turizm sektorunda davamlı artımın və beynəlxalq bazarda mövqelərinin daha da gücləndiyinin göstəricisidir.

Onun sözlərinə görə, 2026-cı il üçün hədəf 68 milyard ABŞ dolları turizm gəliridir.

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarına istinad edən Mehmet Nuri Ersoy vurğulayıb ki, Türkiyə turizmi artıq təkcə regional deyil, qlobal miqyasda da güclü oyunçuya çevrilib. Onun sözlərinə görə, 2017-ci ildə dünyada ən çox turist qəbul edən ölkələr arasında 8-ci pillədə qərarlaşan Türkiyə, 2024-cü ilə qədər 4-cü yerə yüksəlib. Turizm gəlirləri baxımından isə Türkiyə 2017-ci ildə 15-ci sırada olduğu halda, 2024-cü ildə 7-ci pilləyə qalxıb. Nazir 2026-cı il üçün 68 milyard ABŞ dolları gəlir hədəfinin müəyyən edildiyini də açıqlayıb.

Mehmet Nuri Ersoy qeyd edib ki, Türkiyə artıq böhranların idarə olunması sahəsində güclü reflekslərə və ciddi təcrübəyə malikdir. O əlavə edib ki, ölkənin turizm sektoru yalnız “dəniz, qum və günəş” anlayışı ilə məhdudlaşmır. Mədəniyyət və inanc turizmi, təbiət və ekoturizm, arxeologiya, sağlamlıq və termal turizm, qastronomiya, konqres və sərgi turizmi, kruiz və qış turizmi kimi sahələrdə çeşidlilik getdikcə artır.

Nazir bildirib ki, “Gələcək üçün İrs” vizyonu və Gecə Muzeyləri layihələri dünyada yalnız məhdud sayda ölkənin həyata keçirə bildiyi uğurlu təşəbbüslər sırasındadır və bu sahədə Türkiyə ən uğurlu nümunələrdən birinə çevrilib.

Təqdimat strategiyasında tətbiq edilən “mini-serial” modelinin də qlobal miqyasda böyük uğur qazandığını vurğulayan Mehmet Nuri Ersoy qeyd edib ki, “An Istanbul Story” adlı serialın cəmi bir bölümü 32 milyon baxış toplayıb. Onun sözlərinə görə, ən az izlənilən məzmun belə 10 milyon baxışa çatıb ki, bu da Türkiyənin turizm tanıtımında yeni və effektiv yanaşma formalaşdırdığını göstərir.

Türkiyənin 2025-ci il üzrə turizm nəticələrindən əsas göstəricilər:

Göstərici 2025 2024–2025 artım 2017–2025 artım

Ziyarətçi sayı 63.941.000 +2.7% +68%

Turizm gəlirləri 65,231 milyard ABŞ dolları +6.8% +109%

Gecəlik orta xərcləmə 100,0 ABŞ dolları +3.6% +36%

Türkiyənin ən böyük 3 turizm bazarı:
1. Rusiya Federasiyası — 6,90 milyon
2. Almaniya — 6,75 milyon
3. Böyük Britaniya — 4,27 milyon

Seçilən
48
adalet.az

1Mənbələr