İkinci səbəb isə Türkiyənin əldə edəcəyi siyasi dividend qorxusudur. ABŞ-İran kimi qlobal böhran yaradan bir dosyenin Ankaranın vasitəçiliyi ilə irəliləməsi Türkiyəni təkcə Yaxın Şərqdə deyil, qlobal diplomatik sistemdə "əzilməz oyunçu" statusuna çıxarardı. Bu statusu bölüşmək istəməyən güclər Ankaranı masadan kənarda saxlamağa çalışdılar.
Oman seçimi isə bu baxımdan "təhlükəsiz zonadır". Lakin tarix göstərir ki, Oman danışıqları sabit nəticə vermir. 2025-ci ildə ABŞ-İran dialoqunun məhz Oman platformasında iflasa uğraması və ardınca 12 günlük hərbi eskalasiyanın baş verməsi bu ölkəni "uğursuz dialoq məkanı" kimi yaddaşlara yazıb. O vaxt Ağ Evin danışıqlardan imtinası və sonradan İranın nüvə obyektlərinə endirilən zərbələr bu formatın nə qədər kövrək olduğunu sübut etdi.
Hazırkı mərhələdə isə vəziyyət daha ağırdır. Ağ Ev administrasiyası artıq yalnız nüvə proqramı ilə kifayətlənmir. Rejim dəyişikliyi və ya ən azı dərin struktur islahatları Vaşinqtonun əsas şərtlərinə çevrilib. ABŞ yaxşı anlayır ki, mövcud rejim yerində qaldığı müddətdə istənilən razılaşma Tehran üçün sadəcə vaxt qazanmaq alətidir. İran bu ssenarini dəfələrlə oynayıb və yenidən oynamaq niyyətini gizlətmir.
Bu isə danışıqları çıxılmaz nöqtəyə aparır. Çünki Tehran üçün rejim məsələsi "qırmızı xətdir". ABŞ və İsrail isə bu xətti aşmaqda israrlıdır. Təl-Əviv üçün İranla hər hansı razılaşma yalnız sistemli dəyişikliklə mənalıdır. Əks halda, İsrail bu prosesi milli təhlükəsizliyinə birbaşa təhdid kimi görür.
Bu mənzərədə Ankaranın oyundan kənarlaşdırılması paradoksal vəziyyət yaradır. Çünki bölgədə həm İranla danışa bilən, həm ABŞ-la strateji dialoqa malik olan, həm də İsrail üzərində real təsir rıçaqları olan yeganə ölkə məhz Türkiyədir. Ankaranı prosesdən uzaq tutmaq dialoqu zəiflətmək, onu formal və nəticəsiz etmək deməkdir. Nəticə etibarilə, Omanda başlayacaq danışıqların sonadək davam edəcəyinə dair ciddi optimizm yoxdur. Tərəflərdən birinin istənilən mərhələdə masanı tərk etməsi real ssenaridir. Əgər bu baş verərsə, bölgə yenidən hərbi-siyasi eskalasiya mərhələsinə daxil ola bilər.
Və bu nöqtədə dəyişməyən bir həqiqət qalır: Ankaranı masadan kənarlaşdırmaq mümkündür, amma regionda sabitliyi onsuz qurmaq mümkün deyil.Türkiyə bu prosesdə iştirak etməsə belə, onun təsiri hiss olunacaq. Çünki Yaxın Şərqin taleyi hələ də Ankarasız yazılmır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31