Pakistanın Azərbaycandakı səfirliyində Kəşmir Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, mərasimdə Pakistan səfiri, Azərbaycanda yaşayan Pakistan icmasının nümayəndələri, jurnalistlər və digər şəxslər iştirak edib.
Tədbir “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
Daha sonra Pakistan Prezidenti, Baş naziri və xarici işlər nazirinin Kəşmir Həmrəylik Günü ilə bağlı müraciətləri yayımlanıb.
Pakistan səfiri Qasım Mohiuddin beynəlxalq ictimaiyyəti Hindistanı Cammu və Kəşmirdə insan haqları pozuntularına son qoymağa çağırmalı olduğunu vurğulayıb.
“Pakistan hökuməti və xalqı qardaş Azərbaycan hökumətinə və xalqına Cammu və Kəşmir məsələsində göstərdikləri qətiyyətli dəstəyə görə minnətdarlığını bildirir. Pakistan Kəşmir xalqı azad və qərəzsiz ümumxalq səsverməsi yolu ilə gələcəklərinə qərar verə bilənə qədər onlarla çiyin-çiyinə dayanmağa davam edəcək”, - səfir qeyd edib.
O vurğulayıb ki, Hindistanın 5 avqust 2019-cu il tarixli qanunsuz hərəkətləri siyasi, inzibati və demoqrafik tədbirlər vasitəsilə işğalı möhkəmləndirmək səylərini daha da gücləndirib.
Sonda Cammu və Kəşmirdə baş verənlərə həsr olunmuş sərgi nümayiş olunub.