AZ

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

Odabaş dilin inkişafını sosial-tarixi proseslə sıx bağlı şəkildə izah edir: hər yeni ictimai dəyişiklik, hərəkat, elmi-texniki nailiyyət dildə yeni leksikanın yaranmasını zəruri edir. Qərb dilləri üçün əsas termin mənbəyi latın və qismən yunan dilidir, müsəlman Şərqində isə bu rol ərəb dili üzərinə düşür, yəni terminoloji siyasəti tarixi reallıqdan çıxış edərək izah edir, süni "təmizləmə"nin mümkünsüzlüyünü vurğulayır. 

Odabaş üçün mühüm anlayışlardan biri purizmdir (dilin yad sözlərdən təmizlənməsi hərəkatı). Bildirir ki, purizm müəyyən dərəcədə faydalıdır, lakin heç bir dildə yad təsirləri tam aradan qaldırmaq mümkün deyil. O, türk dillərində iki müxtəlif purizm təcrübəsini qeyd edir: a) Osmanlı və Azərbaycan. Məqsəd: ərəb və fars təsirindən təmizlənmək, nəticədə müəyyən ortaqlaşma baş verir, lakin tam uğur mümkün olmur; b) Mərkəzi və Şimal-Şərqi Asiya türk dilləri. Ərəb və fars təsiri zəifdir, burada purizm yeni terminlərin həddindən artıq türkcə qurulmasına gətirir, bu ifrat ekstremizmdir. Odabaşa görə həm "tam ərəbçilik", həm də "tam türkçülük" termin yaradıcılığında  qeyri-elmi yanaşmadır. O, sistemli şəkildə üç əsas prinsip təklif edir: 1.Ərəb və farsdan keçmiş elmi terminlər saxlanılmalıdır, amma onlar elmi cəhətdən təmizlənməli, vahid yazılış forması qurulmalı, bütün türk xalqları üçün eyni mənanı ifadə etməlidir. 2.Yeni terminlər ilk növbədə türk dillərinin öz materialından qurulmalıdır, bu zaman fonetika, morfologiya, ahəng qanunu mütləq nəzərə alınmalıdır. 3. Bəzi ərəb şəkilçilərindən istifadə məqbul sayılır (-i, -iyyat və s.). Çünki bunlar artıq türk dillərində tam mənimsənilmişlər. 

Avropa terminlərinin alınmasına münasibətdə o, reallığı qəbul edir - texniki və elmi sahədə Avropa terminləri qaçılmazdır. Onu da vurğulayır ki, abstrakt-fəlsəfi anlayışlarda türk dillərində ərəb mənşəli terminlər artıq kifayət qədər formalaşıb, tarixi balans belədir: fikir dünyasında ərəb və fars, texnikada isə Avropa təsiri. Təklif edir ki, terminologiya sistemli şəkildə, xüsusi elmi institut tərəfindən qurulmalıdır. Yanaşması praqmatik, sistemlidir: dil canlıdır və tarixi prosesin məhsuludur, nə ifrat milliləşdirmə, nə də kor-koranə alınma düzgündür, ərəb və fars terminlərini tam atmaq elmi cəhətdən əsassızdır, Avropa texniki terminlərinin qəbulu  qaçılmazdır. Terminologiya mərkəzləşdirilmiş şəkildə yaradılmalıdır. 

Baytursunovun məruzəsi iki hissədən ibarətdir:  qazax elmi və ədəbi xadimləri xalq ədəbiyyatı üçün terminologiyanı necə qurur və terminologiyanın işlənməsi zamanı hansı prinsiplərə əsaslanmalıdır? Müasir dövrdə həyatın ən möhkəm təməli mədəniyyətdir, buna görə də qabaqcıl dövlətlərin bütün həyatı məhz mədəniyyət üzərində qurulmuşdur. Müasir mədəniyyət hər hansı bir millətin əsəri deyildir. Hər bir millətin mədəniyyətində öz yaradıcılığı ilə yanaşı, alınmalar da vardır və bu alınmaların xarakteri xalqlar arasındakı münasibətlərdən asılı olaraq formalaşır. Mədəniyyətlərin bir-birinə təsiri həm bir xalqın digərinin işğalı zamanı, həm də xalqların bir-biri ilə dinc ünsiyyəti nəticəsində baş verir. Bu zaman din formalarının oxşarlığı, adət-ənənələr, əxlaq normaları, ictimai quruluş, meyillərin, psixologiyanın yaxınlığı və s. amillər mədəniyyətlərin qarışmasını və alınmalar prosesini xeyli asanlaşdırır. Dil mənəvi həyatla ən sıx bağlı olan sahə olduğundan, din və yazı ilə birlikdə dini və dünyəvi ədəbiyyat, onunla yanaşı isə yad dillərdən alınma sözlər də dillərə daxil olurdu. Nəticədə dillər tədricən qarışır, öz saflığını itirərək korlanır. Bu bəladan yalnız o türk xalqları qurtula bilirdi ki, onların arasında din və yazılı ədəbiyyat dərin kök sala bilməmişdi. Məsələn, qazaxlar və qırğızlar arasında dinin və dini ədəbiyyatın təsiri zəif olmuşdur. Buna görə də onların dili öz təbii inkişaf yolu ilə davam etmişdir. Rusiyada türk xalqlarının mədəni inkişafına həm dünyəvi, həm də dini sahədən asılı vəziyyətləri mənfi təsir göstərmişdir. Lakin indi türk xalqları müasir mədəniyyət həyatının bütün sahələrini mənimsəməyə çalışırlar. Yüksək mədəniyyətə məxsus maddi və mənəvi nemətləri qəbul edərkən aid olduqları anlayış və ideyaları da mənimsəməlidirlər. Bu anlayış və ideyaları ifadə etmək üçün ana dilinin lüğət tərkibi çox vaxt kifayət etmir. Beləliklə, bütün türk xalqları qarşısında bir seçim dayanır: ya anlayışları ifadə etmək üçün yad dillərdən sözlər götürməli, ya da öz dillərinin lüğət tərkibini bu məqsədə uyğunlaşdıraraq terminologiya yaratmalı.

Vahid terminologiyanın hazırlanması üçün bizdə Akademik Mərkəz yanında bir komissiya mövcuddur. Komissiyanın prinsipləri:

a) Terminlər üçün ilk növbədə həmin anlayışa tam uyğun məna daşıyan qazax sözlərini götürmək daha məqsədəuyğundur. Bu, dilin təbəqələşməsinin, yəni yuxarı təbəqənin dili ilə aşağı təbəqənin dili, başqa sözlə, savadlıların dili ilə savadsızların dilinin ayrılmasının qarşısını almaq üçün edilir. 

b) Əgər qazax dilində bu cür sözlər yoxdursa, onları qazax dilinə qohum dillərdən almaq lazımdır. Qohum dillərin əksər sözləri forma etibarilə bir olmasa da, kökləri ortaqdır; deməli, onlar həm anlaşılma baxımından daha asandır, həm də  tələffüz üçün qazax dilinə yad olan sözlər qədər çətin deyil; türk xalqları arasında hər zaman sıx ünsiyyət olmuşdur və var, buna görə də hər hansı bir dilin əksər sözü kök ortaq olmasa belə digər dilin daşıyıcılarına uyğun ola bilər.

c) Ümumi işlənən dünya terminləri qəbul edilə bilər, lakin qazax dilinin təbiətinə uyğun şəkildə dəyişdirilməlidir. Yad sözləri "özümüzünkü" etmək zəruridir.

ç) Qazax dilinin təbiətinə uyğun gəlməyən bütün qeyri-qazax sözləri qazax danışığına müvafiq surətdə mütləq dəyişdirilməlidir. Bu o deməkdir ki, birincisi, qazax dilinə yad olan səsləri ehtiva edən bütün qeyri-qazax sözlərində bu səslər müvafiq qazax səsləri ilə; ikincisi, qeyri-qazax sözlərindəki şəkilçilər qazax dilinin şəkilçiləri ilə əvəz edilməlidir; üçüncüsü, ikiqat səslər sadə formaya salınmalıdır; dördüncüsü, qazax dilinə yad olan sonluqlar tələffüz rahatlığına uyğun olaraq dəyişdirilməlidir. 

Dili barbarizmdən qoruyan bu prinsip sayəsində biz - qazaxlar hazırda vahid qazax dilinə malikik, yəni bizim dilimiz xalq dili və ədəbi dilə, yaxud sadə xalq danışığı və ziyalı danışığına bölünmür. Anadolu türkləri və azərbaycanlılar yazdıqları dildə danışırlarsa, şübhəsiz ki, bu dillərdə türkcədən çox az şey qalıb. Ən çox qarışıq hala düşmüş dil qədimdən bəri yazılı ədəbiyyatı olan tatar dilidir. Bu dil də barbarizmlərdən həddindən artıq istifadə etmiş dillərdən biridir. Özbək ədəbi dili də mənə xeyli dərəcədə qarışıq bir dil kimi görünür. Krım tatarlarının ədəbi dili də elədir. Başqırtlarda ədəbi dil hələ indi yaranır və onların da öz dillərini barbarizmlərdən qorumağa meyil göstərdikləri nəzərə çarpır. Türkmən ədəbiyyatı da eyni yolu tutmuşdur. Yad təsirlərdən və barbarizmlərdən azad olan dillərdən biri qırğız dilidir; ədəbi dilin yaradılması məsələsində o, bizim qazax dilində tutduğumuz prinsipi əsas götürür. Ədəbi dilin əsası kimi götürdüyümüz prinsipi düzgün hesab edirəm. 

***

Baytursunov, sadəcə, nəzəriyyəçi deyil, əməli dil siyasətçisi kimi çıxış edir. Onun mədəniyyət və dil haqqında ümumi fəlsəfi mövqeyi belədir ki, müasir dövrdə mədəniyyət millətin mövcudluğunun əsas şərtidir, heç bir millətin mədəniyyəti "təmiz və yalnız özünəməxsus" deyil, bütün mədəniyyətlər qarşılıqlı təsir içində formalaşır, amma burada çox mühüm fərq var: yad təsirlər dilin təbii inkişafını korlaya bilər. Dillərin korlanmasının əsas səbəbi din, dini ədəbiyyat, yazı mədəniyyəti vasitəsilə ərəb və fars sözlərinin intensiv axınıdır. Baytursunov konkret misal çəkir, qazax və qırğız dilində islamın təsiri zəif olduğundan dil təbii şəkildə inkişaf edib, buna görə "təmiz" qalıb. O, ən çox zərər görənlər kimi Osmanlı türkcəsi, Azərbaycan, tatar və özbək dillərini göstərir və qeyd edir ki, müasir mədəniyyətlə ayaqlaşmaq üçün türk xalqları iki yolun birini seçməlidir: yad dillərdən söz almaq, öz dillərinin içində terminologiya yaratmaq. İkinci yolu daha məqsədəuyğun sayır. 

Onun çıxışı iki əsas hissədən ibarətdir: 1.Real praktika - Qazax ziyalılarının terminologiya yaratması; 2.Nəzəri baza - terminologiya yaradılmasında əsas prinsiplər. 

Baytursunovun qənaəti elitar-mədəni dilin yaranmasının qarşısını almaqdır - xalq dili ilə "ziyalı dili" arasında fərq yaranmamalı, eləcə də dil sosial təbəqələrə bölünməməlidir. Əgər qazaxcada qarşılıq yoxdursa, söz qohum türk dillərindən alınmalıdır, çünki köklər ortaqdır, başa düşülməsi asandır, fonetika uyğunluq təşkil edir, xalqlar arasında tarixi ünsiyyət var. Bu, yalnız türk dilləri daxilində ümumtürk terminologiya ideyasının bir formasıdır.

Ümumdünya terminlərinin qəbulunda əsas prinsip bir şərtlə - qazax dilinin fonetik və qrammatik sisteminə uyğunlaşdırılması ilə  mümkündür. Yad sözlər məcburi adaptasiya olunmalıdır. Bu prinsip faktiki olaraq, dilin fonetik və morfoloji qanunudur: yad səslər  qazax səsləri, şəkilçilər qazax şəkilçiləri ilə əvəz edilməli, ikiqat səslər sadələşdirilməlidir, səslər danışığa uyğunlaşdırılmalıdır. Bu, ideoloji baxımdan bir qədər sərt görünür.

Ən çox "qarışmış dillər" hesab etdiyi osmanlı türkcəsi, Azərbaycan, tatar, özbək və Krım tatarlarının dili haqqında deyir ki, onların yazı dili türk dilindən bunun əksinə olaraq, qazax, qırğız, türkmən, başqırd dilləri barbarizmdən uzaqlaşıb.

Onun dil konsepsiyasının əsas cizgiləri bunlardır: dil millətin ruhudur, yad təsirlərdən qorunmalıdır, terminologiya milli baza üzərində qurulmalıdır, qohum dillər arasında inteqrasiya mümkündür, Qərb terminləri yalnız uyğunlaşdırılaraq qəbul edilə bilər. Bilal Süleyeviç Suleyev (1893-1968) yeni terminologiyanın işlənib hazırlanması ilə bağlı Baytursunovun tezislərində irəli sürülmüş bütün prinsiplərlə razılaşdığını bildirir. Lakin ümumilikdə bütün türk xalqları üçün vahid terminologiya yaradılması məsələsinə bir qədər pessimist yanaşır. Türk xalqlarının terminologiyasının tam birləşməsindən deyil, yaxınlaşdırılmasından danışmaq olar.  Terminologiya qəbul edilərkən yeni sözlər mütləq həmin və ya digər türk dialektinin qaydalarına tabe edilməlidir. Belə olmadıqda geniş xalq kütləsi üçün anlaşılan terminologiya yaratmaq mümkün olmayacaq. 

Ümumiyyətlə, bütün türk xalqları üçün vahid terminologiya yaratmaq cəhdi yalnız bir təcrübə kimi aparıla bilər. Bunun üçün ayrı-ayrı respublikalar daxilində ayrıca birləşdirici büro yaratmağa ehtiyac yoxdur. Belə bir orqan SSRİ Elmlər Akademiyası nəzdində təşkil edilməlidir. Terminologiya sahəsində tədqiqat işlərinin əlaqələndirilməsi üçün türk respublikaları arasında mübadiləni, elmi mərkəzlərin qarşılıqlı əlaqəsini təmin etmək lazımdır.

***

Suleyev Baytursunovun yeni terminologiya prinsipləri ilə razı olsa da, bütün türk xalqları üçün vahid terminologiya yaratmaq fikrinə skeptik yanaşır. Onun qənaətinə görə, bu məsələnin həlli tam birləşmə ilə deyil, yalnız yaxınlaşma ilə mümkündür,  terminlər mütləq dillərin qaydalarına uyğunlaşdırılmalıdır, əks halda terminologiya kütlə üçün anlaşılan olmayacaq. Vahid terminologiya təcrübə səviyyəsində yalnız sınana bilər. Əsas mexanizm elmi mərkəzlərin əlaqəsidir. 

Suleyevin mövqeyi balanslı praqmatikliyə əsaslandırılmışdır. Yəni hamı üçün eyni terminologiya ideyası tarix və dil reallığı baxımından çətin görünür. O, kompromis variant təklif edir: yaxınlaşdırma. Termin yalnız elmi dairələr üçün deyil, kütləvi istifadə üçün yararlı olmalıdır, əks halda terminoloji sahə "xüsusi sahə adamlarının dili"nə çevrilər.

Onun fikirləri əsaslıdır, çünki türk dilləri arasında fonetik, morfoloji quruluşda fərqlər var, sosial-tarixi inkişaf eyni səviyyədə olmayıb, siyasi-inzibati müstəqillik fərqlidir.  Bu səbəbdən vahid terminologiya yaratmaq ideyası süni normativlik riskidir, yaxınlaşdırılmış terminologiya isə real faktlara əsaslandırıla bilər. 

Şərif Manatov (1887-1936)  qeyd edir ki, arxaik sözlərdən, geniş bölgə ləhcələrindən və varvarizmlərdən dil çirklənir. Əgər tərkibini türk sözləri ilə əvəz etmək mümkün olan sözlər varsa, bunu etmək lazımdır. Bəzi sözlər var ki, dilimizdə onları tapa bilərik, lakin yenə də bəzi hallarda onları Avropa sözləri ilə əvəz etmək lazım olur. Məsələn, geniş xalq kütləsi anlamayan "disiplin" sözünü "inzibat" sözü ilə əvəz etmək tövsiyə edilir. Hansı söz bizim üçün daha yaxındır, "disiplin", yoxsa "inzibat"? Mən əminəm ki, "disiplin" sözü bizim üçün "inzibat" sözündən daha aydındır. Ərəb sözü yalnız kəndlərdə deyil, şəhərlərdə də artıq istifadə olunmur, şəhər əhalisi belə onu başa düşmür. Hər kəs kiçik də olsa, hərbi və ya inzibati dairələrdə olubsa, "disiplin" sözünü yaxşı anlayır. Avropa mənşəli beynəlxalq sözləri qəbul edərkən, türk xalqlarının tələffüzünü nəzərə almalıyıq. Məsələn, "fabrika" sözü. Hər bir türkcə danışan şəxs "fabrika" yox, "fabrik" deyər. Bu, fransız sözüdür və maraqlıdır ki, fransız da "fabrik" deyir. Beləliklə, bir tərəfdən Avropa tələffüzündən uzaqlaşmırıq, eyni zamanda öz türk tələffüzümüzə uyğunlaşdırırıq.

O, Odabaşın məruzəsinə tənqidi yanaşır: əgər bizim dilimizdə bir termin yoxdursa, həmin termin başqa türk xalqında var və biz onu oradan götürməliyik. Məsələn, bəzi sözləri başqa türk xalqından, deyək ki, başqırd və ya tatar dilindən götürmək və bunu mütləq özbək dilinə tətbiq etmək lazımdır. Əgər belə götürülmüş sözü qəbul etməsəniz, bu bölgəçilik hesab olunur. Bunu düzgün hesab etmirəm. Professor Çobanzadə öz məruzəsini elmi baxımdan mükəmməl əsaslandırdı, məruzəsi çox maraqlı idi, lakin bütün məruzəsi sanki "ümumi türk milli dili" yaratmaq üzərində qurulmuşdu. Bu fikirlə də razı deyiləm. Ola bilsin bütün türk dillərini tədricən yaxınlaşdıra bilərik, lakin bunun üçün ayrıca "xüsusi milli dil" yaratmaq fikri düzgün deyil. Bu cür "ultramilli" dildən birdəfəlik imtina etmək lazımdır.

***

Manatov qeyd edir ki, arxaik sözlərlə, ləhcə elementləri  və varvarizmlərlə dil çirklənir. Bunun üçün hər hansı bir termini türk sözləri ilə əvəz etmək mümkündürsə - edilməlidir, bəzi hallarda Avropa terminlərini qəbul etmək labüddür, həmin sözlər qəbul edilərkən türk tələffüzünə uyğunlaşdırılmalıdır.

O, başqa türk dillərindən söz almağı məcburiyyət kimi təqdim etməyi tənqid edir. Manatov başqa türk dillərindən məcbur söz götürmək prinsipinə qarşı çıxır. İncə məqamlara diqqət yetirir: dillər arasında termin mübadiləsi məcburi ideoloji layihə əsasında olmamalıdır, dil zorla birləşdirilməməlidir, xalqın real dili nəzərə alınmalıdır. Bu, dil planlaşdırmasında zorakı unifikasiya modelinə, o cümlədən Çobanzadənin "ümumi türk milli dili" ideyasına qarşı çıxır, onun fikrincə, ultramilli vahid dil ideyasından tam imtina edilməlidir. "Disiplin" və "inzibat"  sözlərini sosial dil reallığına əsaslanan nümunə kimi göstərir: "inzibat" ərəb mənşəlidir və artıq işlək deyil, "disiplin" hərbi və inzibati sferada geniş yayılıb, kütlə üçün daha anlaşıqlıdır. O, vacib olan iki mühüm sosiolinqvistik həqiqətə söykənir: dil norması yalnız lüğətdə deyil, istifadə praktikasında formalaşır, terminoloji uyğunluq həm də sosiumda işləklik qazanmaq səviyyəsi ilə ölçülür. 

O, Avropa dillərindən alınma sözlərə münasibətdə praqmatik siyasət sərgiləyir: türkcə qarşılıq varsa, işlədək, yoxdursa, Avropa terminini türk tələffüzünə uyğunlaşdıraq, qəbul edək. Bu düşüncə dilin terminoloji inkişafını əngəlləmir, xalqın öyrənmə qabiliyyətinə xələl gətirmir, fonetik harmoniyanı qoruyur, süni purizm tələblərinə qarşıdır.

Manatovun mövqeyi romantik-millətçi purizmdən yox, sosiolinqvistik reallıqdan doğur. Yəni dil nə qədər milli olsa da, ictimai həyat və elm beynəlxalqdır. Terminləri yalnız "türkçülük naminə" süni şəkildə dəyişmək olmaz. Əgər beynəlxalq termin artıq işlək və anlaşılandırsa, onu fonetik baxımdan uyğunlaşdırıb qəbul etmək daha məntiqlidir. Amma bu proses türklər arasında dil hegemonluğu yaratmamalıdır.

Nadir MƏMMƏDLİ,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr