
İyun ayında 80 yaşı tamam olacaq ABŞ Prezidenti Donald Tramp yarım əsr əvvəl olduğu kimi gümrah hiss etdiyini deyib.
AFN.az xəbər verir ki, bu barədə dövlət başçısı "NBC News" telekanalına verdiyi müsahibədə danışıb.
"Həm fiziki, həm də zehni cəhətdən özümü mükəmməl hiss edirəm. Özümü 50 il əvvəl necə hiss edirdimsə, indi də eləyəm", — deyə Tramp bildirib. Amerika lideri zaman keçdikcə bu cür bəyanatları verə bilməyəcəyini dərk etdiyini, lakin "hələ həmin vaxtın gəlmədiyini" vurğulayıb. O, həmçinin tibbi müayinələrdən əsasən ictimaiyyət qarşısında hesabat vermək üçün keçdiyini qeyd edərək, sağlamlığı ilə bağlı heç bir probleminin olmadığını əlavə edib.
Xatırladaq ki, yanvarın 2-də Donald Tramp növbəti tibbi müayinədən keçdiyini və Ağ Ev həkimlərinin onun sağlamlıq vəziyyətini "ideal" olaraq qiymətləndirdiklərini açıqlamışdı. Bu açıqlamalar prezidentin aspirin qəbulu və səhhəti ilə bağlı mediada yayılan müzakirələrin fonunda verilib.