AZ

Kişi onunla kobud danışan arvadını döydü, qadın məhkəmədə ərini bağışladı

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Səlim Rəfiyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilib.

 

İttihama görə, Səlim Rəfiyev 07 yanvar 2026-cı il tarixdə saat 22 radələrində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən evlərinin qonaq otağında həyat yoldaşı, zərərçəkmiş Rəfiqə Rəfiyeva (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı onu döyüb.

 

Buna səbəb isə Səlim Rəfiyevin həyat yoldaşı onunla kobud danışması olub. Bunu əsas gətirən təqsirləndirilən şəxs mübahisə zamanı yumruqla bir dəfə Rəfiqənin sağ qol nahiyəsindən, təpiklə isə sağ ayaq nahiyəsindən vurub. Nəticədə zərərçəkmiş şəxsə sağ bazu və sağ diz nahiyələrinin dərialtı hematomaları, ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər kimi qiymətləndirilib.

 

Məhkəmənin hazırlıq iclasında Səlim Rəfiyev arvadı ilə barışdığını bildirərək, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edib.

 

Hazırlıq iclasında Rəfiqə Rəfiyeva da əri ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, həmçinin təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını məhkəməyə bəyan edib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

 

 

Tarix: 5 Fevral 2026, 08:36   
Seçilən
25
pravda.az

1Mənbələr