Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Məhəmməd Əkbərzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Göyçay Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli hökmü dəyişdirilib. Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6 və 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs cəzadan azad olunub.
İttihama görə, 2000-ci il təvəllüdlü Məhəmməd Əkbərzadə 14 iyun 2024-cü il tarixdə saat 12 radələrində Göyçay rayonu Çərəcə kəndində yerləşən Çərəcə kənd tam orta məktəbinin qarşısına gələrək xuliqanlıq hərəkətləri törədib.
Belə ki, həmin vaxt məktəbdə “Son zəng” tədbiri keçirilərkən zərərçəkmiş Ərəb Müslümov (adı, soyadı şərtidir) idarə etdiyi “VAZ-2106” markalı avtomobillə təhsil ocağının qarşısında dayanıb. Məhəmməd isə həmin şəxsin avtomobildən qaldırdığı tozu və nəqliyyat vasitəsində yüksək səslə musiqi səsləndirilməsini bəhanə edib nalayiq ifadələr işlədib. O, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən, digər şəxslər üzərində üstünlüyünü nümayiş etdirməyə yönəlmiş və zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib. Məhəmməd heç bir əsaslı səbəb olmadan istintaq zamanı əldə edilməsi mümkün olmayan dəmir küt alətdən silah qismində istifadə edərək Ərəbin sifət nahiyəsinə zərbə endirib, onu yerə yıxıb.
Hadisə nəticəsində zərərçəkmiş şəxsə çənənin sol bucaq və sağ medial nahiyəsinin yerdəyişmiş sınığı, həmçinin boyun nahiyəsinin qançırı kimi xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, həmin xəsarətlər həyati təhlükə törətməsə də, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadan zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına gətirib çıxarıb və qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 127.2.3-cü (silah qismində istifadə edilən əşyadan istifadə etməklə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (zor tətbiqi ilə müşayiət olunan qərəzli xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Göyçay Rayon Məhkəməsinin hökmü ilə Məhəmməd Əkbərzadə 2 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Lakin həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verilərək işin yuxarı instansiya məhkəməsində yenidən araşdırılması xahiş olunub.
Kamal Məmmədov