AZ

Avstraliyada 26 yanvar hadisəsi terror aktı kimi tövsif edilib

Avstraliyada 26 yanvar hadisəsi terror aktı kimi tövsif edilib

Avstraliya hökuməti yanvarın 26-da Pert şəhərində bir kişinin izdihama əldəqayırma partlayıcı qurğu atması ilə nəticələnən hadisəni rəsmən terror aktı elan edib.

AFN.az xəbər verir ki, bu barədə Qərbi Avstraliya ştatının baş naziri Rocer Kuk məlumat verib.

Kuk keçirdiyi mətbuat konfransında Pertin mərkəzi biznes rayonundakı mitinqdə baş verən hadisənin irqçi və nifrət dolu ideologiyadan qaynaqlandığını bildirərək, bu hücumu ən kəskin şəkildə pislədiyini vurgulayıb. Ştat polisinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı kişiyə qarşı əvvəlki ittihamlara (qəsdən xəsarət yetirmə cəhdi, həyat üçün təhlükə yaratma və partlayıcı maddələrin qanunsuz istehsalı) əlavə olaraq, terrorizmlə bağlı yeni ittihamlar irəli sürülüb.

İstintaq qrupu hücum edən şəxsin tək hərəkət etdiyini və hazırda cəmiyyət üçün başqa bir təhlükənin olmadığını bildirib. Hazırda saxlanılan şəxsin rəqəmsal cihazları və məlumat daşıyıcıları araşdırılır.

Hadisə Avstraliya Günü münasibətilə keçirilən mitinq zamanı baş verib; binanın balkonuna qalxan şəxs partlayıcı qurğunu insanların üzərinə atsa da, xoşbəxtlikdən qurğu partlamayıb. Hadisə ilə bağlı məhkəmə iclası fevralın 17-nə təyin edilib.

Seçilən
37
afn.az

1Mənbələr