AZ

Efirlərdə bu mahnılara qadağa qoyulur? Açıqlama

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Son dövrlər efirdə səslənən musiqilərin səviyyəsi ətrafında müzakirələr yenidən aktuallaşıb. Xüsusilə “bayağı musiqi” anlayışı cəmiyyətdə fikir ayrılığı yaradır və bu mövzu həm sənət camiəsində, həm də tamaşaçılar arasında geniş polemikaya səbəb olur. Müğənni Mehin Hümbətovanın efirdə səslənən bayağı mahnılara qadağa qoyulması ilə bağlı təklifi isə bu müzakirələri daha da alovlandırıb. Onun “Azərbaycan musiqisinə yiyə duran yoxdur” fikri musiqi məkanında nəzarət, zövq və məsuliyyət məsələlərini yenidən gündəmə gətirib.

Bəs “bayağı mahnı” anlayışı konkret olaraq nəyi ifadə edir? Efirdə bu cür mahnılara qadağa qoyulması hüquqi və mədəni baxımdan mümkündürmü? 

Globalinfo.az-a danışan yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, insanların musiqiyə, incəsənətə və sənətə baxışları fərqlidir:

“Necə ki, hamıdan akademik opera və ya klassik bəstəkarlıq musiqisini dinləməyi tələb edə bilmərik, eyni şəkildə özünü “zövqlü” hesab edən, çox vaxt rusdilli mühitə mənsub olduğunu düşünən insanlardan da Azərbaycan xalq musiqisini, el havalarını və ya onların ifadə etdiyi kimi “küçə musiqisini” dinləməyi tələb edə bilmərik. Çünki nə qədər insan varsa, bir o qədər də zövq var. Lakin sırf Azərbaycanın adı ilə bağlı olan, öz dilimizdə səslənən mahnıları “bayağı” adlandıraraq onları kənara itələmək tamamilə yanlışdır. Sovet dövründə mədəniyyətimizə mənfi münasibət bəsləyən bəzi rus millətçiləri, eləcə də ermənilər və digər xalqların nümayəndələri xalq mahnılarımızı, muğamı, saz havalarını ifa edən sənətkarları “küçə müğənnisi”, “toy müğənnisi” kimi damğalayaraq gözdən salmağa çalışırdılar. Təəssüf ki, belə düşüncə bu gün də müəyyən qədər davam edir. Halbuki musiqi böyük bir kreativ bazardır, yaradıcı sənayenin bir hissəsidir”.

Aydın Xan Əbilov

Kulturoloq bildirib ki, hər kəs öz zövqünə uyğun musiqi və sənət nümunəsi tapa bilər:

“Kim istəyirsə, hər gün opera dinləsin, klassik musiqiyə qulaq assın. Kim istəmirsə, xalq mahnılarını ifa edən sənətkarlara pərəstiş etsin. Burada kiməsə nəyi dinləyib-dinləməmək barədə qadağa qoymaq nə dərəcədə doğrudur? Ümumiyyətlə, qadağa hansı problemin həlli yolu olub ki? Rusiya, ABŞ və ya Avropa ölkələrində bütün musiqi nümunələri yalnız yüksək zövqlü təbəqə üçün nəzərdə tutulub? Onların dəyərini kim və necə müəyyən edir?”

Üstəlik, özünü bu musiqilərin əleyhdarı kimi göstərənlərin bir çoxu toylarda məhz “bayağı” adlandırdıqları mahnıların sədaları altında rəqs edir, yaxud onlardan gəlir qazanırlar. Efirlərdə özünü dəbli, intellektual və zövqlü göstərməyə çalışan bəzi şəxslər isə əslində sadəcə görüntü yaradır, insanların milli hissləri ilə oynayırlar. Bu yanaşma qətiyyən qəbulolunan deyil. Bir qisim insanın zövqünə əsaslanaraq digərlərini tənqid etmək və ya sıxışdırmaq olmaz”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
globalinfo.az

1Mənbələr