
Finlandiya hakimiyyəti ABŞ-dan Ukrayna üçün nəzərdə tutulan potensial təhlükəsizlik zəmanətlərini NATO-nun kollektiv müdafiə prinsipi ilə eyniləşdirməməyi xahiş edib.
AFN.az xəbər verir ki, bu barədə "Politico" nəşri fevralın 4-də ABŞ diplomatik yazışmalarına istinadən məlumat yayıb.
Helsinki hesab edir ki, müharibədən sonrakı Ukrayna üçün öhdəliklərin "5-ci maddəyə bənzər" şəkildə təsvir edilməsi Şimali Atlantika Alyansının əsasını təşkil edən kollektiv müdafiə müddəasını zəiflədə bilər. Xatırladaq ki, NATO müqaviləsinin 5-ci maddəsi üzv ölkələrdən birinə və ya bir neçəsinə silahlı hücum zamanı kollektiv cavab verilməsini nəzərdə tutur.
Məlumata görə, Finlandiyanın xarici işlər naziri Elina Valtonen ABŞ rəsmiləri ilə məsləhətləşmələr zamanı bu mövqeyi kəskin şəkildə ifadə edib. O, Ukraynaya verilən ikitərəfli vədlərlə NATO-nun 5-ci maddəsi arasında hər hansı bir ümumiləşdirmənin aparılmasına qarşı xəbərdarlıq edərək, bu iki anlayış arasında aydın sərhədin qoyulmasının zəruriliyini vurgulayıb. Finlandiyanın müdafiə naziri də eyni mövqedən çıxış edib.
Ekspertlər və keçmiş NATO rəsmiləri bu diplomatik yazışmaların müxtəlif Avropa paytaxtlarında yaranan narahatlığı əks etdirdiyini bildirirlər. Bir çox dövlətlər Ukrayna ilə gələcək təhlükəsizlik əlaqələrinin alyansın daxili birliyinə və üzv ölkələrin uzunmüddətli təhlükəsizliyinə necə təsir edəcəyi barədə ehtiyatlı davranmağa başlayıblar.