AZ

Tomas de Vaal: TRIPP Bakının və İrəvanın 9 noyabr 2020-ci il bəyanatından imtinasının nəticəsidir...

Ekspert layihənin “rus” formatından “amerikan” formata keçdiyini deyir...

Poliqon xəbər verir ki, Karnegi Mərkəzinin aparıcı tədqiqatçısı, Qafqaz üzrə ekspert Tomas de Vaal Ermənistanın NEWS.am nəşrinin “Güc faktoru” verilişində TRIPP layihəsinin böyük ehtimalla reallaşacağını və bu istiqamətdə artıq aktiv iş aparıldığını bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində dəmir yolunun bərpası nəzərdə tutulur və proses artıq başlanıb.

Tomas de Vaal qeyd edib ki, TRIPP layihəsinin ortaya çıxması bir neçə amilin üst-üstə düşməsi ilə bağlıdır. Onun fikrincə, Bakı və İrəvan eyni vaxtda 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrasından faktiki olaraq imtina etmək qərarına gəlib, çünki tərəflər Rusiyanın həmin sənədin 9-cu bəndindən həm Ermənistan, həm də Azərbaycan üzərində təsir rıçağı kimi istifadə edəcəyindən ehtiyatlanıblar. “Bu bəyanatdan imtina etmək üçün dünyada ən əlverişli yer Ağ evdir. Məhz buna görə də tərəflər layihəni rus layihəsindən Amerika layihəsinə çevirməyə qərar verdilər”, deyə ekspert vurğulayıb, Tomas de Vaal.

Ekspertin qənaətinə görə, Vaşinqtonun marağı bir neçə istiqamətdə cəmlənib. Bunlardan biri ABŞ prezidenti Donald Trampın şəxsi ambisiyaları, o cümlədən Nobel Sülh Mükafatı qazanmaq istəyi, digəri isə ABŞ üçün uzunmüddətli kommersiya gəlirləridir.

Tomas de Vaal əlavə edib ki, ABŞ tərəfi bu marşrutdan gələcəkdə Rusiya şirkətlərinin də istifadə edə biləcəyini istisna etmir, lakin hazırda marşrutun ABŞ-nin nəzarətində olduğunu xüsusi vurğulayır. Onun sözlərinə görə, həm ABŞ-də, həm də Avropada Rusiyanın regiondakı təsirinin 5–10 il əvvəllə müqayisədə ciddi şəkildə zəiflədiyi barədə ümumi anlayış formalaşıb. Ekspert bildirib ki, Rusiya Qarabağ münaqişəsi vasitəsilə həm Ermənistan, həm də Azərbaycan üzərində malik olduğu əsas təsir rıçağını itirib.

De Vaalın sözlərinə görə, İranda bu layihəyə münasibət birmənalı deyil, lakin Tehran da marşrutdan müəyyən faydalar əldə edə bilər. Xüsusilə, İran yeni yaradılacaq dəmir yollarından istifadə imkanına sahib olacaq. Bununla belə, ekspert hesab edir ki, İran ABŞ üçün bu layihənin həyata keçirilməsində əsas faktor deyil. “Orada Amerika şirkəti və Amerika infrastrukturu olacaq, amma amerikalıların özləri, bir neçə nəfər istisna olmaqla, iştirak etməyəcəklər. Təhlükəsizlik məsələləri özəl şirkət tərəfindən təmin olunacaq, hətta bu şirkət Amerika deyil, Avropa mənşəli də ola bilər, əlavə olaraq Ermənistan sərhədçiləri də cəlb edilə bilər”, deyə Tomas de Vaal bildirib.

Ekspert vurğulayıb ki, hazırda regionda qeyri-təbii vəziyyət formalaşıb: sərhədlər bağlıdır, dəmir yolları bloklanıb. Bu baxımdan Ermənistan, Azərbaycan, Türkiyə və İran arasında əlaqələrin açılmasında ümumi maraq mövcuddur. Onun sözlərinə görə, bu, tərəflər arasında tam harmoniya demək olmasa da, ticarətin artması və regional əlaqələrin genişlənməsi üçün real zəmin yarada bilər.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr