ABŞ mətbuatı Vaşinqtonun İrana cümə günü planlaşdırılan danışıqların yerinin və formatının dəyişdirilməsini qəbul etməyəcəyini bildirdiyini yazıb.
Editor.az xəbər verir ki, cümə günü keçirilməsi nəzərdə tutulan görüşlər ABŞ-ın İranın bu tələbinə rədd cavabı verməsindən sonra baş tutmamaq riski ilə üz-üzə qalıb.
Vaşinqtonun Tehranın görüş yerinin dəyişdirilməsi ilə bağlı istəyini qəbul etməməsi səbəbindən ABŞ–İran danışıqları dalana dirənib.
Axios-un məlumatında adı açıqlanmayan ABŞ-li rəsminin aşağıdakı fikirlərinə yer verilib: “Biz onlara ya bu məkan, ya da heç nə dedik. Onlar isə “yaxşı, onda heç nə” cavabını verdilər.”
Yüksək rütbəli ABŞ rəsmisi əlavə edib ki, Vaşinqton real və sürətli bir razılaşmaya nail olmaq istəyir, əks halda insanlar digər alternativləri nəzərdən keçirməyə başlayacaqlar.
Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətlərinin cümə günü İstanbulda görüşməsi gözlənilirdi. Lakin Tehran görüşün Omanda keçirilməsini təklif etmişdi.
//Gülnarə Abasova, Editor.az