
Litva hökuməti Ukraynanın təhsil müəssisələri, uşaq evləri və əhali üçün sığınacaqların qurulması məqsədilə 33 milyon avro vəsait ayırıb.
AFN.az xəbər verir ki, bu barədə qərar Litva Nazirlər Kabinetinin iclasında qəbul edilib. Bu maliyyə yardımı Ukraynanın mülki müdafiə sığınacaqlarının beynəlxalq koalisiyasında iştirakı, təhsil sisteminin müasirləşdirilməsi və uşaq tərbiyə müəssisələrindəki islahatlar kimi Avropa təşəbbüslərini maliyyələşdirmək üçün nəzərdə tutulub.
Bundan əlavə, Litva hökuməti ölkəyə gələn ukraynalı şagird və tələbələrin təhsil xərclərini qarşılamaq üçün 23,3 milyon avro əlavə vəsait ayırıb. Sosial Müdafiə və Əmək Nazirliyinə isə ukraynalı qaçqınlara sosial dəstək göstərilməsi və birdəfəlik müavinətlərin ödənilməsi üçün ümumilikdə 800 min avrodan çox vəsait yönəldilib.
Litva rəsmiləri bu addımların həm Ukraynadakı infrastrukturun qorunmasına, həm də Litvaya sığınan insanların inteqrasiyasına xidmət etdiyini bildiriblər.