ABŞ Ukrayna münaqişəsinin nizamlanması prosesində “real irəliləyiş” olduğunu düşünür, lakin bu barədə geniş ictimaiyyətə hələ məlumat verilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Marko Rubio bu fikirləri Əbu-Dabidə keçirilən üçtərəfli görüşləri şərh edərkən mətbuat konfransında səsləndirib.
“Danışıqların özünü artıq irəliləyiş adlandırmaq istəmirəm. Amma tərəflər arasında qarşılıqlı əlaqənin olması müsbət haldır”, – deyə Rubio bildirib. Onun sözlərinə görə, prosesdə çox həssas məsələlər müzakirə olunduğu üçün real irəliləyiş yalnız ciddi sıçrayış baş verdikdən sonra, hətta məlumat sızmaları vasitəsilə belə, məlum ola bilər.
Rubio vurğulayıb ki, ABŞ tərəfinin əsas məqsədi Ukrayna üzrə sülh danışıqlarına sadiqliyi qorumaqdır: “Biz bu prosesə bir il vaxt sərf etmişik və hesab edirik ki, həqiqi irəliləyiş əldə olunub”.
Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə təhlükəsizlik məsələləri üzrə üçtərəfli məsləhətləşmələrin ilk raundu yanvarın 23–24-də Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. BƏƏ-nin paytaxtında üçtərəfli danışıqların ikinci raundu isə bu həftə başlayıb.
Xədicə BAXIŞLI