AZ

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi arasında görüş keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

4 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi cənab Ramil Həsən vəzifəyə təyinatından sonra ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qonağı olub. Ziyarət çərçivəsində təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüş keçirilib.

TurkicWorld xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova görüş zamanı cənab Ramil Həsəni TÜRKPA-nın baş katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edib, TÜRKPA nümayəndə heyətini Fondda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti nəzərdən keçirilib, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, eləcə də qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinin qorunması və beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətləri Parlament Assambleyasının bir-birini tamamlayan, strateji baxımdan qarşılıqlı rol oynayan iki qardaş qurum olduğu qeyd olunub. Görüşdə həmçinin gələcək dövrdə mədəni irsin təşviqi, humanitar əməkdaşlıq və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Baş tutan görüş Türk dünyasında mədəni və parlament diplomatiyası arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

Seçilən
11
turkic.world

1Mənbələr