Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Göydağlı Ramazan Əbülfət oğlunun doğum günü ilə əlaqədar məzarı başında anım tədbiri keçirilib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidin məzarı üzərinə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub, Qurani-Kərimdən ayələr səsləndirilib.
Anım mərasimində çıxış edənlər Ramazan Göydağlının Vətənə sədaqətindən, keçdiyi döyüş yolundan, göstərdiyi igidlik və şücaətdən bəhs edərək onun xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar. Şəhid ailələrinə dərin ehtiram ifadə olunub, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyi qeyd edilib.
Şəhidin ailəsinə dərin və hörmətlərini bildirən tədbir iştirakçıları qeyd ediblər ki, bu Vətən sevdalıları tərəddüd etmədən, ölümün gözünə dik baxaraq torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Öz cəsarətləri ilə düşmənə sübut ediblər ki, Vətən torpağının hər qarışı onlar üçün müqəddəsdir. Yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən qəhrəmanlarımızdan olan Göydağlı Ramazan Əbülfət oğlu 44 günlük ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı.
Qeyd edək ki, Göydağlı Ramazan Əbülfət oğlu 1997-ci il fevralın 4-də Culfa rayonunun Kırna kəndində anadan olub. 2003–2014-cü illərdə Kırna kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb.
Ramazan Göydağlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq düşmənə layiqli cavab verib. 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid Ramazan Göydağlı ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Subay olan şəhidimiz Culfa rayonunun Kırna kənd qəbiristanlığında torpağa tapşırılıb.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta
