İqtisadçı ekspert Fikrət Yusifov LAF TV-nin efirində yayımlanan “Gündəm” proqramında çıxışı zamanı İran–Azərbaycan münasibətlərinə dair fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan uzun illərdir İranla qonşuluq münasibətlərini sağlam mühitdə qurmağa, ticarət, iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığı inkişaf etdirməyə çalışıb. Hətta Zəngəzur dəhlizi məsələsində belə İran üzərindən keçən marşrutun təklif edildiyini xatırladan ekspert bildirib ki, məqsəd hər iki ölkənin bu prosesdən faydalanmasını təmin etmək olub:
"30 illik işğal dövründə Azərbaycan torpaqları erməni hərbçiləri tərəfindən işğal olunarkən İran tərəfinin ermənilərə göstərdiyi dəstək, onlara yardım göndərməsi hamımıza məlum oldu. Biz bunları gördük və bu faktlar münasibətlərdə gərginlik yaratdı. Hadisələr fonunda İran tərəfinin atdığı addımlar münasibətlərdə yeni gərginliklərə səbəb oldu. Səfirlikdə baş verən hadisə, insanın qətlə yetirilməsi, səfirliyin bağlanması və ard-arda verilən bəyanatlar bu gərginliyi daha da artırdı".