Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Adil Qeybulla: “...Davamlılığı artırmaq üçün səhiyyədəki boşluqlar aradan qaldırılmalıdır”
Qafqaz regionunda ilk dəfə olaraq 2025-ci ildə Azərbaycanda meyit donordan ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Belə ki, 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan pasiyentə beyin ölümü diaqnozu qoyulub. Ölüm faktı təsdiqləndikdən sonra mərhumun ailəsi, orqanların bağışlanmasına razılıq verib.
Bununla da, Qafqazda ilk dəfə olaraq meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb. Məsələ ilə bağlı keçirilən son iclasda ölkədə donor olmaq istəyənlərin sayının 1200 nəfəri keçdiyi, dializ müalicəsi alan və orqan köçürülməsinə ehtiyacı olan şəxslərin sayının isə 4642 nəfər olduğu bildirilib. Lakin ölkənin səhiyyə sisteminin ürək transplantasiyalarını davamlı və sistemli şəkildə həyata keçirmək üçün yetərli imkanlara malik olub-olmadığı sual altındadır.
Mövzu ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, orqan transplantasiyası yalnız epizodik fəaliyyətlə həyata keçirilməklə, effektli olmuyacaq:
“Bu sahə, səhiyyə sisteminin vahid və strukturlaşdırılmış nizamı əsasında inkişaf edə bilər. Dünyanın bütün ölkələrində transplantasiya fəaliyyətinin əsas problemi orqan mənbəyidir. Donorlar tibbi baxımdan tamamilə, sağlam və beyin ölümü baş vermiş şəxslərdən götürülməklə iki qrupa ayrılır. Ürək nəqlində, əsas donorlar beyin ölümü baş vermiş şəxslər hesab olunur. Məsələn, avtomobil və ya digər texniki qəza nəticəsində beyin ölümü keçirmiş şəxslərin orqanları sağlam olduqda transplantasiya üçün uyğun sayılır”.
A.Qeybulla orqan transplantasiyası sahəsində Azərbaycanda ciddi sistem boşluqlarının mövcud olduğunu bildirib:
“Beyin ölümü keçirmiş şəxsləri həyatda saxlamaq mümkün olmadığından, tibbi komissiya və hüquqi prosedurlar əsasında, ailəsinin razılığı ilə orqanlar götürülərək donor axtaran xəstələrə köçürülür. Digər donor mənbəyi isə sağlam, həyatda olan şəxslərdir. Onlar cüt orqanlarından birini (əsasən böyrək və qaraciyəri) donor kimi verə bilirlər. Buna da adətən pasiyentin yaxın qohumları verməyə razı olur. Ancaq onların nə günahı var ki, orqanları çıxarılıb, başqa bədənə nəql edilsin? Normalda orqan transplantasiyası üçün “donor bankı” olmalıdır. Təəssüf ki, Azərbaycanda bu sahədə ciddi boşluqlar var”.
Professorun sözlərinə görə, ölkəmizdə meyit donordan ürək köçürülməsi müsbət hal olsa da, davamlılığı artırmaq üçün səhiyyədəki boşluqlar aradan qaldırılmalıdır:
“Məsələn, bizdə cavan bir oğlan beyin ölümü keçirsə, hansı valideyn onun yarılaraq, orqanlarının götürülməsinə icazə verər? Adətən xaricdə insanlar, vəsiyyət edirlər ki, öləcəkləri halda yararlı orqanları digər xəstələrə bağışlansın. Bu məsələ mərhəmət hissi yüksək olan ölkələrdə həllini tapsa da, bizdə hələlik tətbiq olunmayıb. Kənd yerlərində ölən şəxslər, ölüm səbəbi araşdırılmadan dərhal dəfn edilir. Beləliklə potensial donorlardan istifadə imkanı da itir. Bu kimi incə məsələlər hələ də Azərbaycanda öz həllini tapmayıb”.
A.Qeybulla artıq dünyada orqan mənbəyi kimi donuzlardan da istifadə edildiyini vurğulayıb:
“Donuz orqanları genetik modifikasiya yolu ilə insan orqanlarına uyğunlaşdırılır. Hətta yaxın gələcəkdə bu texnologiya o səviyyəyə çatacaq ki, transplantasiyadan sonra pasiyentə əlavə immunosupressiv dərmanlar verilməsinə ehtiyac qalmayacaq. Azərbaycanda bu kimi məsələlər həllini tapsa, böyük uğurlara nail olduğumuzu düşünə bilərik. Hələlik isə əsas işimiz “donor bankı”nı yaratmaq olmalıdır. Hazırda Azərbaycanda böyrək, qaraciyər və ürək transplantasiyaları vahid sistem çərçivəsində deyil, epizodik qaydada həyata keçirilir. Səhiyyə sistemində məsuliyyət Səhiyyə Nazirliyi və TƏBİB arasında bölünüb”.
Professorun fikrincə, Transplantasiya fəaliyyətinin effektivliyi üçün vahid icra qurumu və sistemli elektron məlumat bazası yaradılmalıdır:
“Hər bir xəstəyə vahid elektron kod verilməlidir. Həkimlər və müstəntiqlər xəstənin razılığı əsasında koda daxil olaraq, müvafiq tibbi tarixçə və dərman dövriyyəsi ilə tanış olmalıdır. Dərman dövriyyəsinə nəzarət də vacibdir. Hazırda Azərbaycanda bunun yalnız satış səviyyəsində monitorinqi mümkündür. Elektron reseptlər və klinik protokolların tətbiqi səhiyyədəki boşluqları aradan qaldıra bilər. Hesab edirəm ki, Azərbaycan qardaş Türkiyənin səhiyyə sistemindən nümunə götürməlidir”.
Aybəniz Səfərova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.