"Hesab edirəm ki, bu görüş və bu qəbildən olan digər görüşlər real sülhə aparan mühüm və sistemli bir prosesin tərkib hissəsidir. Tərəflərin belə platformalarda bir araya gəlməsi, aparılan müzakirələr və qəbul olunan qərarlar sülhə gedən yolu mərhələli şəkildə qısaldır və prosesi sürətləndirir. Xüsusilə əldə olunan razılaşmalar çərçivəsində Azərbaycan və Ermənistan arasında nəqliyyat, logistika, ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirə olunması, eləcə də iqtisadi münasibətlərin bərpası istiqamətində aparılan dialoq müsbət və perspektivli məqamlar kimi qiymətləndirilə bilər. Bu baxımdan sözügedən görüşlər uğurlu və nəticəyönümlü xarakter daşıyır".
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri arasında aparılan görüşlər ölkələrarası münasibətlərin normallaşdırılması və sülh prosesinin irəliləməsi baxımından böyük əhəmiyyət daşıyır. Fevralın 4-də Əbu-Dabidə keçirilən son görüşdə tərəflər Vaşinqton Sülh Sammitində əldə olunan nəticələri yüksək qiymətləndirərək, ikitərəfli əməkdaşlıq və regional layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Siyasi şərhçi qeyd edib ki, bu proseslər bütövlükdə Azərbaycan–Ermənistan münasibətlərinin daha konstruktiv və müsbət mərhələyə keçməsi üçün zəmin formalaşdırır.