AZ

Politico: Fransa Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditini bloklayır...

Paris üçüncü ölkələrin, xüsusilə Britaniyanın da maliyyə yükünə qoşulmasını tələb edir...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən yazıb. Məşr qeyd edir ki, Fransa Ukraynaya Avropa İttifaqı (Aİ) tərəfindən ayrılması nəzərdə tutulan 90 milyard avroluq kreditin verilməsini əngəlləyir. Məlumata görə, sözügedən kredit paketi ötən ilin dekabrında təsdiqlənsə də, onun reallaşdırılması ilə bağlı proses hazırda dalana dirənib.

Nəşrin iddiasına görə, danışıqlar ötən həftə yekunlaşmağa yaxın olsa da, Fransa gözlənilmədən yeni şərt irəli sürüb. Paris tələb edir ki, kredit üzrə faiz ödənişlərinin maliyyələşdirilməsində Aİ-yə üzv olmayan üçüncü ölkələr də, xüsusən Böyük Britaniya iştirak etsin. Fransa tərəfi bunu Aİ ölkələrinin bütün faiz yükünü təkbaşına daşımasının ədalətli olmaması ilə əsaslandırır.

Məqalədə qeyd olunur ki, Fransanın bu mövqeyinin Aİ daxilində müəyyən tərəfdarları var. Lakin mövcud fikir ayrılığı səbəbindən razılaşmanın əldə olunması bir neçə dəfə təxirə salınıb. Belə ki, qərarın qəbul edilməsi əvvəlcə cümə günündən bazar ertəsinə keçirilib, lakin bazar ertəsi də irəliləyiş əldə olunmayıb.

Diplomatlar hesab edirlər ki, rəsmi şəxslər yaranmış çıxılmaz vəziyyətin miqyasını bilərəkdən kiçiltməyə çalışırlar. Bunun əsas səbəbi isə Ukraynaya maliyyə axınının artıq aprel ayının əvvəlində dayanması ehtimalından yayınmaqdır. Çünki kredit mexanizmi gecikərsə, Kiyevin Aİ tərəfindən nəzərdə tutulan maliyyə dəstəyində fasilə yarana bilər.

Politico yazır ki, məsələ Aİ səfirlərinin bugünkü görüşünün gündəliyində olsa da, onun müzakirəsinin olub-olmayacağı son ana qədər qeyri-müəyyən qalıb. Bildirilir ki, kreditin taleyi ilə bağlı sual hətta dünən gecə saatlarınadək açıq qalıb və tərəflər arasında razılaşmanın əldə olunması hələ də sual altındadır.

Qeyd edək ki, 90 milyard avroluq kredit paketi Ukraynanın büdcə ehtiyaclarının qarşılanması, dövlət idarəçiliyinin davamlılığının təmin edilməsi, sosial ödənişlər və müharibə şəraitində iqtisadi sabitliyin qorunması üçün mühüm maliyyə mənbəyi hesab olunur. Bu səbəbdən danışıqlardakı gecikmələr Aİ-nin Ukraynaya dəstək strategiyasına birbaşa təsir edə biləcək riskli faktor kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr