Lənkəran Dövlət Universitetində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi ilə bağlı növbəti infosessiya keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözu ilə LDU-nun Tarix-coğrafiya və incəsənət fakültəsinin dekani, dos.Afaq Qasımova açıb. Qeyd edib ki, Azərbaycanın 2024-cü ildə COP29-a uğurla ev sahibliyi etməsi ölkənin qlobal problemlərin müzakirəsində etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi. İqlim dəyişikliyi kimi mürəkkəb və siyasi cəhətdən həssas bir mövzuda təşkilati və məzmun baxımından yüksək səviyyəli platforma yaratmaq Bakının beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirdi.
İnfosessiyada LDU-nun Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri dos. Afiq Əliyev və Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Müşfiq Bayramov çıxış ediblər. Çıxışlarda bildirilib ki, WUF13-ün Bakıda keçirilməsi şəhərsalma ilə bağlı qlobal diskussiyaların yenidən bərpası, iqlimə davamlı şəhərlər, inklüziv yaşayış məkanları mövzularında geniş müzakirələrin aparılmasına şərait yaradacaq. Bu forum Azərbaycana azad olunmuş ərazilərdə həyata keçirilən layihələri “canlı nümunə” kimi dünya ictimaiyyətinə təqdim etmək imkanı verəcək.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
