Bakıda şair və mütəfəkkir Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Aznews.az xəbər verir ki, tədbir Özbəkistan səfirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən təşkil olunub.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, ədəbiyyat, mədəniyyət və tarix sahəsi üzrə alimlər, tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.
Akademik İsa Həbibbəyli öz çıxışında qeyd edib ki, illər ərzində Əlişir Nəvainin yaradıcılığı çoxsaylı konfrans və tədqiqatların mövzusu olub.
"Artıq 10 ilə yaxındır ki, bu hadisəni qeyd edirik. Bu gün Daşkənddən sonra Nəvainin əlyazmalarının saxlanıldığı ən böyük mərkəz Azərbaycandadır. Akademiyanın xəzinəsində əlyazmalar, o cümlədən Nəvainin orijinal mətnləri və özbək ustaların qeydləri olan əlyazmalar ideal vəziyyətdədir. Şairin ən zəngin irsi bizdə cəmləşib və burada saxlanılan kitablar, məqalələr və tədqiqatlar əsasında bütöv bir kitabxana toplamaq olar", - o vurğulayıb.