AZ

Vaşinqtonun böyük oyunu: Çin hədəfdə, İran və Venesuela alətə çevrilir

“İqtisadi güc ilə hərbi güc arasında balans pozulduqda beynəlxalq siyasətdə nəticələr, adətən, proqnozlaşdırıla bilən olur. Əgər hərbi gücə malik iqtisadiyyat bu gücdən istifadə etməyə siyasi iradəsi olmayan, yaxud onu hələ formalaşdırmamış iqtisadiyyatla qarşı-qarşıya gəlirsə, təşəbbüs üstünlüyü birinci tərəfin əlində cəmlənir”.

Bu fikirləri NOCOMMENT.az-a politoloq Rüstəm Tağızadə ABŞ–Çin qarşıdurmasında hazırda müşahidə olunan mənzərəni şərh edərkən səsləndirib.

Rüstəm Tağızadə

Onun sözlərinə görə, Vaşinqton və Pekin ümumi güc göstəricilərinə görə bir-birinə yaxınlaşsa da, əsas fərq resurslarda deyil, həmin resurslardan istifadə niyyətindədir:

“ABŞ açıq şəkildə göstərir ki, qlobal mövqelərini qorumaq və bərpa etmək üçün hərbi alətləri masadan götürməyib. Çin isə hələlik bu mərhələyə keçməyib – ya buna hazır deyil, ya da vaxtın öz xeyrinə işlədiyini düşünür.

Bu kontekstdə İran və Venesuela ətrafında baş verənlər lokal hadisələr deyil, strateji mesajlardır.

ABŞ-nin Venesuelada Çin maraqlarını sıxışdırması və İran sahillərində hərbi mövcudluğunu artırması Pekinə ünvanlanmış açıq siqnaldır: Vaşinqton Çinlə birbaşa toqquşmadan yayınaraq onun enerji və logistika dayaqlarını zəiflətməyə çalışır. Bu isə Çin üçün riskli, lakin cavabı hələlik qeyri-müəyyən olan bir çağırışdır.

Əgər ABŞ Çin iqtisadiyyatını Venesuela və İran kimi alternativ enerji mənbələrindən və marşrutlardan sistemli şəkildə ayıra bilsə, Pekinin uzunmüddətli qlobal layihələri ciddi sual altına düşə bilər. Xüsusilə “Bir Kəmər, Bir Yol” təşəbbüsünün həm quru, həm də dəniz komponentləri üçün Yaxın Şərqdə sabitliyin pozulması kritik nəticələr doğura bilər. Bu baxımdan ABŞ-nin addımları Çinin qlobal ambisiyalarına birbaşa deyil, dolayı zərbə xarakteri daşıyır.

Bununla belə, Çin təkbaşına açıq hərbi konfrontasiyaya girməkdən çəkinir. Bu məqamda tez-tez Rusiya–Çin strateji tərəfdaşlığı gündəmə gətirilir. Teorik olaraq bu tandem ABŞ-nin hərbi ekspansiyasına ciddi baryer yarada bilər. Lakin praktiki müstəvidə nə Pekin, nə də Moskva hələlik Vaşinqtonla açıq güc balansı nümayiş etdirmək niyyətindədir. Hər iki paytaxt dialoq, vaxt qazanmaq və qarşı tərəfin daxili zəifliklərinə ümid etmək strategiyasını üstün tutur.

Məsələ ondadır ki, ABŞ-ni  hazırkı davranış modeli məhz bu boşluqdan qidalanır”.

Politoloq qeyd edib ki, qarşısında real hərbi-siyasi baryer görmədikcə, Vaşinqton təşəbbüsü əldən vermək istəmir:

“Bu, bir tərəfdən ABŞ-nin öz gücünə olan inamını, digər tərəfdən isə bu gücün artıq əvvəlki kimi risksiz olmadığını sübut etmək cəhdini göstərir.

Nəticədə bugünkü beynəlxalq sistem paradoksal vəziyyətə düşüb. ABŞ artıq əvvəlki hegemon deyil, lakin bunu qəbul etmək istəmir. Çin və Rusiya isə ABŞ ilə bərabər gücdə olduqlarını anlayırlar, amma bunu açıq şəkildə nümayiş etdirməyə tələsmirlər. Hər kəs vaxtın kimin əleyhinə işlədiyini hesablayır və ümid edir ki, qarşı tərəf ilk səhvi özü edəcək.

Bu qarşıdurmanın daha az görünən, lakin həlledici ölçüsü enerji marşrutları üzərində nəzarətdir.

ABŞ birbaşa Çinlə toqquşmadan onu alternativ enerji mənbələrindən və təhlükəsiz nəqliyyat xətlərindən mərhələli şəkildə uzaqlaşdırmağa çalışır. İran, Venesuela və strateji dəniz keçidləri ətrafında artan təzyiq məhz bu marşrutların gələcəkdə kimin nəzarətində olacağına dair mübarizənin tərkib hissəsidir.

Venesuela və İran sadəcə coğrafi nöqtələr deyil; onlar Çin iqtisadi maşınının “yanacaq çənləri”dir. ABŞ bu çənləri deşməklə Pekini müharibəsiz dayandırmağa çalışır. Bu, klassik “dolayı hərəkət” strategiyasıdır.

Nəticə etibarilə, gələcək beynəlxalq nizamı iqtisadiyyatın həcmi yox, həmin iqtisadiyyatı qorumaq üçün kimin ilk tətiyi çəkməyə hazır olduğu müəyyən edəcək. Şahmat taxtasında zaman artıq Çinin deyil, ABŞ-nin təzyiq alətinə çevrilib”.

Atilla Rzasoy

 

Seçilən
8
nocomment.az

1Mənbələr